Azərbaycan Prezidenti: İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan
Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? Biz indi onun yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ Ermənistan heç vaxt olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib.
“İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin, orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə, heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu, olmayacaq. Ona görə, dünən və sırağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın, gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.