İndoneziya parlamenti Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən bəyanat yayıb

A- A A+

İndoneziya parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsi Ermənistan ordusunun Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən bəyanat yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komitənin sədri Fadli Zon tərəfindən imzalanmış bəyanat onun “Instagram” səhifəsində yayımlanıb.

Bəyanatda deyilir ki, komitə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ regionunda yenidən alovlanan şiddətli toqquşmalardan dərin narahatlığını bildirir və hər iki tərəfi atəşi dayandırmağa çağırır, mülki şəxslər də daxil olmaqla, çox sayda itkinin olmasından təəssüflənir, həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyir.

Sənəddə münaqişənin yenidən alovlanmasının hər iki tərəfin və regionun sabitliyi üçün təhlükə yaratdığı, xüsusilə bütün dünyanın COVID-19 epidemiyasından ciddi şəkildə əziyyət çəkməsi fonunda əlverişsiz olduğu bildirilir. Tərəflər münaqişənin həllini beynəlxalq hüququn normaları və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı, habelə BMT Baş Assambleyasının A/RES/62/243 saylı qətnamələri çərçivəsində təmkinlə, atəşkəsə riayət etməklə dialoq çərçivəsində davam etdirməyə çağırılır. Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması tələb edilir.

Bildirilir ki, komitə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini tam dəstəkləyir, tez bir zamanda səmərəli dialoqun bərpasının tərəfdarıdır. Bu istiqamətdə BMT və digər beynəlxalq təşkilatları ATƏT-in Minsk qrupu çərçivəsində dialoqun bərpa edilməsi üçün rolunu gücləndirməyə çağırır.

Sənəddə vurğulanır ki, Ermənistanla Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn normalarına uyğun olaraq, ərazi bütövlüyü və suverenlik prinsiplərini saxlamaqla sülh yolu ilə həlli olduqca vacibdir. Bu xüsusda, Azərbaycan da daxil olmaqla, istənilən dövlətin suverenliyinə və ərazi bütövlüyünə hər hansı təcavüz əsassız və qəbuledilməzdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: