Türkiyə XİN: Azərbaycan öz imkanları və iradəsi ilə torpaqlarını geri qaytara biləcəyini bütün dünyaya göstərdi
Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları nəticəsində Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını öz imkanları və iradəsi ilə geri qaytara biləcəyini Ermənistana və bütün dünyaya nümayiş etdirdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Ermənistan ilə Azərbaycan arasında əldə olunan humanitar atəşkəslə bağlı açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin deyilir: “Bu müddətdə bütün dünyadan bölgədə humanitar atəşkəslə bağlı tələblər gəlib. Azərbaycan da Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün son dəfə fürsət verib.
Humanitar tələblərə əsasən, əsirlərin dəyişdirilməsi və cəsədlərin götürülməsi məqsədilə elan edilən bu atəşkəs ilk vacib addımdır, lakin davamlı həll yolu deyil.
Türkiyə əvvəldən yalnız Azərbaycanın seçdiyi həll yollarını dəstəklədiyini bəyan edib. Bu fikirlə də meydanda və danışıqlar masası arxasında Can Azərbaycanın yanında olmağa davam edəcəyik”.