Ceyhun Bayramov: Humanitar atəşkəsə baxmayaraq, Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub
On gün ərzində aparılan əməliyyatlar zamanı hərbçilər və mülki şəxslər həlak olub. Eyni zamanda, əsir götürülmüş hərbçilər var. Beynəlxalq təşkilatlardan, bir sıra dövlətlərdən çoxsaylı çağırışlar edilirdi ki, humanitar atəşkəs elan olunsun. Rusiya Prezidentinin təşəbbüsü əsasında Moskvada Xarici İşlər nazirlərinin görüşündə əsas məqsəd humanitar atəşkəsin təmin olunması idi. Ancaq buna baxmayaraq, ermənilər təxribatları davam etdirirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri oktyabrın 10-da keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.
C.Bayramov qeyd edib ki, ötən günlər ərzində Rusiya Prezidenti Vladimir Putin xüsusi təşəbbüslə çıxış edib, Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə razılıq əldə olunub. Oktyabrın 9-da Moskvada bununla bağlı müvafiq sənəd imzalandı. Sənəddə həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və saxlanılmış digər şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, mürəkkəb, spesifik əməliyyatdır və bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə həvalə edilib. Hələ ki, bu əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub.
Moskvada qəbul olunmuş bəyanatda Azərbaycanın üstünlüyünün aydın göründüyünü deyən nazir Ceyhun Bayramov bildirib: “Həmin bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz qaldığını qəbul etməyə məcbur oldu.