Prezidentin köməkçisi: Ermənistan işğaldan azad olunmuş ərazilərimizin yenidən işğalına cəhd edərsə, yenə də öz layiqli cavabını alacaq
Humanitar əsaslarla atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətləri boyunca atəşkəsin pozulması davam edir. Əgər Ermənistan işğaldan azad edilmiş ərazilərimizin yenidən işğal edilməsinə cəhd edərsə, yenə də öz layiqli cavabını alacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında söyləyib.
Prezidentin köməkçisi qeyd edib ki, humanitar atəşkəsin ardınca dərhal mahiyyətli və nəticəli danışıqlar aparılmalıdır. Danışıqlar prosesinin yol xəritəsi hər kəsə məlumdur. Azərbaycan buna hazırdır. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatından çıxış edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. Yaranmış vəziyyətin münaqişənin köklü həllinə və regionda davamlı sülhün təmin olunmasına doğru istiqamətləndirmək lazımdır.
“Baş verənlər bir daha onu göstərir ki, vəziyyətin hər zaman gərginləşməsi baş verə bilər. Bütün resurslar işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına hədəflənməlidir. Bundan sonra regionda davamlı sülh təmin oluna bilər”, - deyə Hikmət Hacıyev bildirib.