Ceyhun Bayramov: Döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir
Döyüş meydanında əldə etdiyimiz qələbələr bizə siyasi-diplomatik müstəvidə üstünlüklər verməkdədir. Moskvada imzalanan sənəddə Ermənistan humanitar atəşkəsə məcbur edilib. Eyni zamanda, münaqişənin baza prinsipləri də sənəddə əksini tapıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 10-da keçirilən mətbuat konfransında ifadə edib.
Ermənistanın çox qısa müddətdə baza prinsipləri əsasında substansiv danışıqların aparılması öhdəliyini üzərinə götürdüyünü bildirən nazir deyib: “Ermənistan bundan əvvəl həmin prinsipləri rədd etmişdi. Son günlər döyüş meydanında qazandığımız uğurlar imkan verdi ki, Ermənistan bu şərti qəbul etsin. Həmçinin Ermənistan danışıqlar zamanı özlərinin təhlükəsizliyini təmin etmək üçün şərtlər qoyurdu. Lakin biz bunu qəbul etmədik və bildirdik ki, bu məsələlər Ermənistan qoşunları Azərbaycan ərazilərindən çıxandan sonra həll edilə bilər”.