Hikmət Hacıyev: Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı

A- A A+

Münaqişələr yalnız hərbi yolla deyil, eyni zamanda, siyasi-diplomatik vasitələrlə həll edilir. Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın maraqları əsasında həll edilməsi üçün hərbi-siyasi və diplomatik fəaliyyət səmərəli və düşünülmüş şəkildə aparılmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında deyib.

Prezidentin köməkçisi bildirib ki, siyasi baxımdan Ermənistanın danışıqlar prosesində şərtləri diktə etməsi və işğalın nəticələrini siyasi vasitələrlə möhkəmləndirmək cəhdlərinin qarşısı alındı. Ermənistanın danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri iflasa uğradı. Ermənistan baş naziri Azərbaycana şərt qoyurdu ki, qondarma rejim danışıqlar prosesində iştirak etməlidir.

Ermənistan xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə birlikdə Moskvada danışıqlarda iştirak etməsi və humanitar atəşkəs barədə bəyanatı qəbul etməsi Ermənistanın münaqişə tərəfi kimi rolunun bir daha təsbit olunmasıdır. 1994-cü ilin atəşkəs haqqında sənədini Ermənistan həmişə öz bildiyi kimi təhrif edirdi.

Prezidentin köməkçisi qeyd edib ki, Moskvada qəbul edilmiş bəyanatla humanitar əsaslarla müvəqqəti atəşkəs elan olunmuşdur. Hərbi əməliyyatların gedişində humanitar atəşkəsin elan olunması təcrübəsi vardır. Bu müddət ərzində döyüş meydanında həlak olan hərbi qulluqçuların cənazələri götürülür, yaralılara yardım göstərilir.

Hikmət Hacıyev vurğulayıb ki, atəşkəs, xüsusilə də humanitar atəşkəs sülh deyil və ola da bilməz. Humanitar atəşkəsin elan olunmasının ardınca dərhal mahiyyətli danışıqlar başlanmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: