İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq Əlaqələri Komitəsinin sədri Fadli Zon Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda komitənin Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ daxil olmaqla işğal olunmuş bütün Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etdiyi, münaqişənin beynəlxalq hüququn normaları, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının müvafiq qətnamələri çərçivəsində həllinə çağırdığı bildirilir.
Bəyanatda qeyd olunur ki, İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq Əlaqələri Komitəsi Ermənistanla Azərbaycan arasında münaqişənin beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında həll olunmasını vacib hesab edir. Bu xüsusda, Azərbaycan da daxil olmaqla, hər hansı bir dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz əsassız və qəbuledilməzdir.