Qars-Ardahan-İğdır Dərnəklər Federasiyasının təşkilatçılığı ilə Ankaradakı Güneypark bağında Azərbaycana dəstək aksiyası keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqları, dostluq və qardaşlıq çağırışları yazılan plakatlar olan iştirakçılar həmrəylik şüarları səsləndiriblər.
Ermənistanın məlum atəşkəs razılaşmasını bilərəkdən pozaraq Azərbaycanın yaşayış məskənlərini, eləcə də dinc əhalini atəşə tutmasını kəskin şəkildə qınayan Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu deyib: “Can Azərbaycanımız, igid övladları ilə özünə aid məsələlərin qərarını bundan sonra da özü verəcək. Cəbhədəki qələbələr bir daha göstərir ki, Azərbaycan əsgəri qərarlıdır. Ya Qarabağ, ya ölüm!”
Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək istədiyini diqqətə çatdıran Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, bölgədə sülhün bərqərar olunmasının yeganə yolu, Qarabağın işğaldan azad olunmasıdır.
Qars-Ardahan-İğdır Dərnəklər Federasiyasının sədri Erdoğan Yıldırım diqqətə çatdırıb ki, təcavüzkar Ermənistan, qayda, qanun, insani dəyərlər tanımayan terrorçu dövlət olaraq Azərbaycana qarşı ağır cinayətlərini davam etdirir. Dünya ictimaiyyəti bu quldur dövlətə qarşı tədbirli olmalıdır.