Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.
Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.
Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.