XİN erməni nazirin açıqlamasına münasibət bildirdi

A- A A+

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti Departamenti Ermənistan xarici işlər nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamasını şərh edib.

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, XİN-in şərhində deyilir:

Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində verdiyi açıqlamada ənənəvi olaraq bir sıra həqiqətə uyğun olmayan məqamlar əksini tapır. Bu məqamlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək və beləliklə beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədini güdür.

Bununla əlaqədar olaraq, Azərbaycan XİN-i xatırladır ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır. Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunlar arasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanunsuz nəticələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davamlı hərbi işğalını möhkəmləndirmək üçün çoxsaylı praktik addımlar yer alır. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir.

Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycana qarşı başlanılan hücum gərginliyin artırılması üçün həyata keçirilən dağıdıcı siyasətin növbəti addımıdır. Suveren bir dövlət olaraq, Azərbaycan Respublikası, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib. Təəssüf ki, erməni tərəfi ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən məntəqələr və insanlar da daxil olmaqla, Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu intensiv atəşə tutur. 27 sentyabrdan etibarən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 42 azərbaycanlı mülki şəxs öldü və 206 nəfər yaralandı, 1479 evlər, 66 coxmənzilli yaşayış binaları və 241 infrastruktur obyektləri dağıdıldı.

Xoşməramlı niyyətini nümayiş etdirən Azərbaycan tərəfi Rusiya Federasiyasının müraciətlərinə müsbət reaksiya göstərdi, üç nazirin Moskva görüşünə qatıldı və orada konstruktiv şəkildə danışıqlar apardı. Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi.

Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığında erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə bir Azərbaycan tibbi personalı ağır yaralandı. Bundan əlavə, 11 sentyabr tarixində gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə yeksan etdi. 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu.

Ermənistanın Moskva görüşündən sonrakı diplomatik hərəkətləri də göz qarşısındadır. Moskva görüşünün yekun bəyanatı mövcud danışıqlar formatına sadiqliyi bir daha təsdiqləyir və təməl prinsiplər əsasında mahiyyət üzrə danışıqların başlanılmasını ehtiva edir. Azərbaycan tərəfi ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Ermənistan tərəfi, öz növbəsində dərhal Moskva görüşünün bəyanatının birtərəfli və qeyri-dəqiq təfsir edən, öz müqəddəratını təyinetmə və Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin tanınması şüarlarını əks etdirən bəyanatlar verməyə başladı.

Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT qərarlarının, eləcə də Moskva görüşü bəyanatının müddəalarını pozduğu üçün bu cür yanaşmanı tamamilə qeyri-konstruktiv hesab edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: