“Metsamor” yeni Çernobıldırmı?

A- A A+

Ermənistanın köhnə “Metsamor” atom elektrik stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir. Vyanadakı Avstriya Tətbiqi Ekologiya İnstitutundan Antonia Wenisch özünün “National Geographic”də dərc olunan məqaləsində “Metsamor”u “hələ də fəaliyyətdə olan ən təhlükəli atom stansiyalarından biri kimi” göstərib. Qısa desək, “Metsamor” hər an partlamağa hazır bombadır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mövzu ilə bağlı şərhində deyilir.

Stansiya 1980-ci ildə Türkiyə sərhədindən cəmi 10 mil (16 kilometr) aralıda Ermənistanın yüksək seysmik bir hissəsində inşa edilib və hazırda heç bir müasir təhlükəsizlik tələblərinə cavab vermir. Zəlzələ kimi təbii fəlakətlər, AES-ə çox möhkəm zərər yetirə bilər ki, bu da Cənubi Qafqazda və qonşu ölkələrdə yüksək radioaktivliklə nəticələnə bilər. 1988-ci il dekabrın 7-də 6,8 bal gücündə olan və təxminən 25 min insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələ gələcək seysmik təhlükələr barədə real narahatlıq doğurur.

Digər tərəfdən, AES-in idarəetməsi və tullantıların idarə olunması barədə yetərli rəsmi məlumat yoxdur. Bu isə öz növbəsində regional ekoloji fəlakətlərin baş verməsinin mümkünlüyünə işarədir. Bəzi hesabatlara görə, Ermənistan radioaktiv tullantıları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında basdırır (Bu ərazi beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır, lakin Ermənistanın nəzarətindədir). Həmin AES-dən yeraltı boru kəməri ilə Dağlıq Qarabağa radioaktiv tullantıların axıdılması barədə etibarlı məlumatlar da mövcuddur.

Belə vəziyyət Türkiyə üçün də ekoloji və ətraf mühitə təhlükə yaradır. Türkiyəli mütəxəssislərin son təhlilləri göstərir ki, AES-in radiasiya ilə çirklənən suları yeraltı sular ilə qarışmaqda davam edir ki, bu da İğdırda (Türkiyənin vilayəti) yaşayan əhalinin sağlamlığına ciddi zərər verir. Bu bölgədə əlil uşaqların və xərçəng xəstələrinin sayının artması halları müəyyən edilib.

Ümumdünya Atom Sənayesinin Vəziyyətinə dair hesabatda (2020) göstərilir ki, AES-in hazırda aktiv bir reaktoru vasitəsilə hazırda ölkənin ümumi elektrik enerjisinin 27,8 faizi təmin edilir. İstehsal olunan elektrik enerjisinin yerdən qalan hissəsi hidro, günəş və külək mənbələrindən, eləcə də idxal edilən təbii qazdan əldə olunur.

Cari ilin mart ayında Avropa Komissiyasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı Siyasəti” sənədində enerji siyasəti və atom enerjisi ilə bağlı tövsiyələr təqdim olunub. Orada yanacaq təchizatının şaxələndirilməsinin, xüsusən də bərpa olunan enerji mənbələri hesabına aparılmasının zəruriliyi qeyd edilir. Ermənistanın kifayət qədər su ehtiyatlarına malik olduğunu nəzərə alsaq (Sevan gölü ümumi istehlakın təxminən 80 faizini ödəyir), enerji mənbəyi olaraq atom enerjisi asanlıqla su enerjisi ilə əvəz edilə bilər. Digər seçim isə Rusiya və İrandan idxal olunan qazın payının artırılması ola bilər.

Avropa Komissiyası, Türkiyə və ekologiya üzrə ixtisaslaşmış təşkilatlar AES-in bütün bölgə üçün mənfi təsirlərini və təhlükə ehtimalını nəzərə alaraq onun bağlanması istiqamətində Ermənistana ciddi təzyiq göstərirlər. Paris Sazişinin və ətraf mühitlə bağlı digər sənədlərin əsas prinsiplərində iqlim dəyişikliyi ilə mübarizə məqsədilə bütün texnologiyaların, xüsusilə də yaşıl texnologiyanın daha geniş şəkildə qəbul edilməsi tələbləri əks olunur.

Qlobal xəbərdarlıqlara və təsdiqlənmiş beynəlxalq sənədlərin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz öhdəliklərinə konstruktiv yanaşma nümayiş etdirməyərək bəşəriyyət və təbiət üçün təhlükə olmaqda davam edir. Ermənistanın yerli mətbuatı bildirib ki, 2019-cu il iyun ayının əvvəllərində AES təmir və yeniləmə işləri ilə əlaqədar 110 günlüyə və cari il iyulun 1-dən sentyabrın 3-nə qədər isə profilaktik tədbirlərin görülməsi məqsədilə daha 65 gün müddətinə fəaliyyətini dayandırıb. Təmir kimi təqdim olunan bu cür yalançı təşəbbüslər ilə Ermənistan stansiyanın səbəb ola biləcəyi potensial fəlakətin ağırlığını ört-basdır etməyə çalışır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: