Həyat gözəldir, qardaşım!

A- A A+

Hər birimiz dəfələrlə bu peşə sahiblərinə müraciət etmişik, istər uşaq, istər böyük olsun, hər birimizin bu sənət sahiblərinə işimiz düşüb. Dünyada elə bir insan tapmaq olmaz ki, o, bu peşə sahiblərinin yardımından istifadə etməsin.

Sağlamlığımızda cüzi bir problem yaranan kimi dərhal onlar yardımımıza çatır, bizim sağalmağımız üçün əllərindən gələni əsirgəmirlər. Bəli, bu peşə sahibləri həkimlərdir. Ağ xalatla ömürlük ülfət bağlayıb evlərə təbəssüm paylayan həkimlər. İnsanların sevincini öz sevinci, kədərini öz kədəri bilən, kimsəyə kömək göstərəndə bir rahatlıq tapan, yüngülləşən yüzlərlə, minlərlə həkim və digər tibb işçiləri öz şəfqətli əlləri ilə ömürlərə ömür calayır. Haqqında söhbət açacağım anestezioloq-reanimatoloq, Azərbaycan Respublikasının  Əməkdar həkimi Azər Məmmədov da bu peşə sahiblərindən biridir.

Sənətinin vurğunu olan 50 yaşlı müsahibimiz deyir ki, 1987-ci ildə Babək rayonunun Nehrəm kənd orta məktəbini bitirib. Həmin il Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə qəbul olunsa da, təhsilini davam etdirməyib. Çünki istəyi Müalicə-profilaktika fakültəsi olub. Naxçıvan Qanköçürmə Stansiyasında kiçik tibb işçisi kimi əmək fəaliyyətinə başlayıb. İki il ordu sıralarında xidmət edib. Ordudan tərxis olunandan sonra 1992-ci ildə həm Türkiyə Respublikasında bank-maliyyə ixtisası üzrə ali məktəbə, həm də Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olunub və üstünlüyü sevdiyi sənətə verib. Universitetin üçüncü kursunda M.Nağıyev adına Təcili Tibbi Xidmət Xəstəxanasında tibb qardaşı işləyib. 1998-1999-cu illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında internatura keçərək anestezioloq-reanimatoloq ixtisasına yiyələnib. 1999-cu ildə qazandığı ixtisas üzrə xəstəxananın Anesteziya, reanimasiya və intensiv terapiya şöbəsində əmək fəaliyyətinə başlayıb. 2012-ci ildə Türkiyə Respublikasının Ankara Eyitim Araşdırmalar Mərkəzində bir aylıq kursda olub. 2019-cu ildə isə postsovet məkanında fəaliyyət göstərən türkdilli xalqları təmsil edən həkimlərin İzmirdə keçirilən beynəlxalq seminarında iştirak edib. Qazandığı uğurlar Azər həkimi 2007-ci ildə Mərkəzi Xəstəxananın şöbə müdiri vəzifəsinə yüksəldib.

Onun rəhbərlik etdiyi Anesteziya, renimasiya və intensiv terapiya şöbəsi xəstəxananın beşinci mərtəbəsində yerləşir. Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan hər kritik xəstə burada müalicəyə alınır və 24 saat ərzində təxirəsalınmaz tibbi xidmət göstərilir. Son illərdə xəstəxananın maddi-texniki bazasının möhkəmləndirilməsi Reanimasiya şöbəsinin işində də nəzərə çarpacaq dərəcədə dəyişikliklər yaradıb, yüksək texnologiya ilə təchiz olunan bir sistem əsasında qurulub.

Orqanizmin funksional pozğunluğunu siqnalla xəbər verən yeni elektron cihazlar, tənəffüsü, qan dövranını tənzimləyən aparatlar müalicə prosesində həkimlərə dəqiq diaqnozlar əsasında müalicə aparmağa imkan verir. 14 çarpayılıq palatalarda hər çarpayının başında tənəffüs aparatı və hər cür monitorizasiyaya uyğun monitorlar yerləşdirilib. Eyni zamanda digər cihazlar var ki, onlar da qəflətən meydana gələn orqan çatışmazlıqları zamanı istifadə edilməsi üçün hazır olaraq yerləşdirilmişdir. İntensiv terapiya palatalarında süni tənəffüs aparatına ehtiyacı olmayan və ya əməliyyatdan çıxan, qısa müddətdən sonra aparatdan ayrılacaq xəstələr, reanimasiyadan çıxa biləcək, ümumi vəziyyəti stabil olan xəstələr yatırılır. Eyni zamanda əməliyyat sonrası çox ağır və ya multitravmalı hallar zamanı  xəstələrə də xidmət göstərilir.

Şöbədə barokamera vasitəsilə yüksək təzyiq altında oksigenlə müalicə aparılır. Reanimasiya şöbəsinin mütəxəssis həkimləri xəstələrə xidmət göstərərkən, digər ixtisas həkimlərinin konsultasiyalarına da müraciət edilir. Reanimasiya şöbəsində yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılıb. 

12 həkim, 28 tibb bacısı və digər xidmət işçiləri saat 15-30-dək fəaliyyət göstərir. 2 reanimatoloq-anestezioloq, 2 tibb bacısı və 2 xadimə axşam növbəsində dayanır. Havalandırma diqqətdə saxlanılır və xəstə otaqlarının havası norma daxilində dəyişdirilir.

Azər həkim deyir ki, son dövrlər koronavirus kimi təhlükəli  düşmənlə mübarizəyə rəhbərlik etdiyi şöbənin   fəaliyyətində mart ayından başlayaraq avqust ayınadək üstün istiqamətə çevrilib. COVİD-19 infeksiyasına qarşı müalicə tədbirlərinin gücləndirilməsi və yoluxma şübhəsi olan şəxslərin ciddi müayinə və müalicəsinin  təmin edilməsi üçün digər tibb müəssisələri kimi,  bu şöbə də pandemiyanın ilk günlərindən gücləndirilmiş iş rejiminə keçib. Tibb kollektivi hər cür fərdi qoruyucu vasitələr, lazım olan tibbi ləvazimatlar və dərman preparatları ilə yüksək dərəcədə təmin edilib. Bu dövrdə izolyasiya yeri kimi  müəyyənləşdirilən Yoluxucu Xəstəliklər Mərkəzinin ağırlıq yükü əsasən bizim xəstəxananın üzərinə düşüb. Həkimlərimiz növbəlilik əsasında Yoluxucu Xəstəliklər Mərkəzində gecə növbələrində çətin günlər yaşayaraq pandemiyaya qarşı vahid bir kollektiv kimi çalışıblar. Bu dövrdə Reanimasiya xidmətinə müraciət edənlərin də sayı gündən-günə artıb. Tibbi heyətimiz koronavirusla döyüşə-döyüşə həm də toksikoloji mərkəz kimi fəaliyyət göstərib və bu gün də göstərir. Zəhərlənmə, ilansancma, əqrəbçalma  ağırlaşma hallarında şöbənin xidmətlərindən istifadə olunur. Bu məqsədlə şöbədə kifayət qədər zərdab ehtiyatı yaradılıb.

Həmin çətin günlərdə bütün fərdi qoruyucu vasitələrlə təmin olunmalarına rəğmən koronaviruslu xəstələrlə gündəlik təmas şöbənin bir neçə həkim və orta tibb işçisinin də yoluxmasına səbəb olub. Onların arasında Azər həkim də vardı. Müalicə edən həkimin özünün müalicəyə alınması sanki tale işi idi. Ona görə tale işi idi ki, xəstəni daha yaxşı anlayasan, xəstəliyə qarşı mübarizədə qazandığın təcrübədən istifadə edə biləsən. Azər həkim  doğum gününü iyunun 29-da xəstəxanada yatdığı günlərdə keçirəndə  də  bu hisslərlə yaşayıb, “bu da bir qismətdi” deyib.

İndi o ağır günlər arxada qalsa da, sağlamlığı ağır vəziyyətdə  olan xəstələrlə təmas  arxada qalmayıb. Reanimasiya şöbəsinə xəstələr o zaman gətirilir ki, bəzən həyatla ölüm arasındakı zaman məsafəsi saatla, dəqiqələrlə deyil, saniyələrlə ölçülür. Çox təəssüf ki, sağlamlığın bərpasının mümkün olmadığı anlar da olur. Gərək vaxtında qərar qəbul edə biləsən, müalicə üsulunu seçəsən. Azər həkimin dediyi kimi, ən adi diqqətsizlik, məsuliyyətsizlik xəstənin gələcək müalicəsi üçün ağır nəticələr verə bilər. Ona görə də xəstə üzərində müayinə apararkən son dərəcə ehtiyatlı olub dəqiq diaqnoz qoymaq üçün dəfələrlə düşünüb daşınır, xəstənin sonrakı taleyi üçün həlledici, əsas amil olan son qərarı veririk.
Çətin vəziyyətdə olan insanlara kömək etmək, onların həyatını xilas etmək insana qəribə sevinc hissi bəxş edir. Baxmayaraq ki, reanimasiya şöbəsində ağır xəstələrlə işləmək “nəfəs almağa” vaxt tapmamaq deməkdir. Lakin stressli işdən sonra insanların üzündəki minnətdarlıq, sevinc hissi yorğunluğumuzu bizə  unutdurur.

Sənə müraciət edənləri əzizin bilməlisən, xəstəyə pasiyent kimi yox, insan kimi sevərək yanaşmalısan, onların keçirdiyi iztirabları yaşamalısan. Həkimlər nə dərəcədə dərin elmi biliyə, zəkaya malik olsalar da, yüksək dərəcəli peşə vərdişlərinə, əməliyyat texnikasına düzgün riayət etsələr də, onlar, ilk növbədə, xəstənin qəlbini ovsunlamağı, onda özünə qarşı inam yaratmağı  bacarmalıdırlar. Bu mübarizə xəstənin ömrünə ömür vermək niyyətidir. Azər  həkim bu niyyətlə yaşadır,        yaşayır...

...On yaşlı uşağı müayinə edirdi. Dəhşətə gəlmişdi - uşağın ürəyini qidalandıran damar tutulmuşdu. Həmin anlarda ürəyi kürlük etmiş, kövrəlmişdi. "Bu yaşda uşağın ömrünə çökməkdə olan təhlükəni - əməliyyat zərurətini ata-anasına, əzizlərinə necə deyim? Demərəmsə, necə deməyim?" - ürəyini çarəsizlik sıxıntıları göynədirdi; uşaq əməliyyat olunmalıydı...

Aradan  illər keçib... Həmin uşaq yaşadı. Bəlkə də indi tələbədi. Bəlkə də həkim olacaq. Amma "bəlkə"siz də Azər həkimi xatırlayır, şübhəsiz, onun "Sən yaşayacaqsan!", - ümidini də...

Digər hadisə də sarsıdıcı idi. Taksi şoferi ailə münaqişəsi zəminində zəhərli maye içərək intihara cəhd etmişdi. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən xəstəyə təcili təxirəsalınmaz tibbi yardımlar göstərilməyə başlanıldı. İlk növbədə yeyici-üzvi maddələrin toksiki təsirini aradan qaldırmaq, böyrək, qaraciyər çatışmazlığı üçün dezintoksikasion tədbirlər görüldü, qankəsici preparatlardan istifadə olunmaqla xəstə həyata qaytarıldı.

Lakin bu, hələ hər şey demək deyildi. Xəstə yenidən intihar hallarına baş vura bilərdi. Bax, Azər həkim bəzən  yuxusuz gecələrini belə insanlarla keçirib, bu dəfə psixoloq kimi köməyinə gəlib, həyatın gözəlliyini təlqin edib. Belə söhbətlərin sonunda yekdil rəyləri belə olub: “Həyat gözəldir, qardaşım”.

Həmin taksi sürücüsü bu rəylə xəstəxanadan təxliyyə edilib.

“Həmişə düşünmüşəm ki, həkim xəstəsini tək dava-dərmanla müalicə etmir. Çarpayıya məhkum, hər bir əzası xəstəliklə ölüm-dirim mübarizəsi aparan insan çox vaxt öz nicatını zəhər dadan həblərdə, ağrılı iynələrdə deyil, həkiminin səmimiyyətində, ümidverici sözlərində, şirin söhbətində, məhrəm davranışında axtarır və bəzən tapır da. Ona görə də həkim nə qədər peşəkar, təcrübəli olursa-olsun, canını ona etibar etmiş xəstənin umduğu o bir əlçim qayğıdır, humanistlikdir, mərhəmət və şəfqət payıdır.”

Bunlar da Azər həkimin gündəlik fəaliyyətində  gəldiyi  qənaətidir. İndi onun ailəsində üç qız, bir oğlan böyüyür. Qızlarının üçü də ali təhsillidir. Oğlu isə hələ 8-ci sinifdə oxuyur. Gələcəkdə hansı peşəni seçəcəyinə qərar verməyib. Hələlik orta məktəbi əla qiymətlərlə başa vurmaq, sonra həyat yolunu seçmək  niyyətindədir.

Azər həkim sonda bir hadisənin ona sonsuz sevinc bəxş etdiyini də bildirməyi unutmadı. Naxçıvançay boyunca salınmış “Sahil parkı”ndan Qoçüstü məhəlləsindəki evinə gəlirmiş. Bazar günü axşamüstü burada hamının bayram əhval-ruhiyyəsi ona da sirayət etmişdi. İnsanlar sanki karantin günlərinin ağrı-acısını bayram əhval-ruhiyyəsi ilə burada unutmağa çalışırdılar. Bu zaman qənşərində bir taksi dayandı, qapının şüşəsini endirən  sürücünü çətinliklə tanıdı. Bəli, o idi, intihara cəhd edən sürücü. Ailəliklə gəzintiyə gedirdilər. Sürücünün səadət yağan siması onun xoşbəxtliyindən xəbər verirdi. Elə beləcə də dedi. Ayrılarkən şən-şaqraq sədası axşamın sərin mehinə qarışdı:

-Həyat gözəldir, qardaşım!

                                                                                               Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: