Müdafiə Sənayesi Nazirliyi əməkdaşlıq etdiyi ölkələrin 90-dan çox şirkətinə Ermənistanın təxribatları haqqında müraciət ünvanlayıb
Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlıq etdiyi Türkiyə, Pakistan, İsrail, İordaniya, Koreya, İran, Gürcüstan, Qazaxıstan, Serbiya, Polşa, Bolqarıstan, Çexiya, Ukrayna, Rusiya, ABŞ, Özbəkistan, Avstriya, İsveçrə, Səudiyyə Ərəbistan, Ruanda, Hindistan, İngiltərə, İtaliya, Latviya, Cənubi Afrika Respublikası, İspaniya, Çin və bir sıra başqa ölkələrin 90-dan çox şirkətinə müraciət ünvanlayıb, Ermənistanın son təxribatları haqqında geniş məlumatları onların diqqətinə çatdırıb.
MSN-dən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən bu günədək erməni işğalçıları Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları təşkil edib. Ermənistan ordusunun Tərtər, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələri müxtəlif silah növlərindən istifadə edərək atəşə tutmaları nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yararsız hala düşüb.
Həmçinin qeyd olunub ki, Ermənistanın hücumlarının qarşısı şanlı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır və hərb meydanında düşmənə yetərli cavab verilir. Döyüşlər zamanı qəhrəman əsgər və zabitlərimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib.