XIX əsrin axırlarında İrəvan şəhərinin Azərbaycan mühiti və məhəllə adları - FOTOLAR
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və onun ətraf ərazilərində baş verən hadisələr, Ermənistanın torpaqlarımızda törətdiyi qanlı hadisələr, apardığı yalan və böhtan siyasəti bu təcavüzkar dövlətin özünün uydurma tarixinə bir daha yenidən baxılmasını tələb edir. Bu baxımdan yanaşdıqda hələ XIX əsrin axırlarında Qafqaz-rus mətbuatında rus maarifçi ziyalısı Stepan Pavloviç Zelinskinin yazıb çap etdirdiyi materiallar xüsusi aktuallıq kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XX əsrin əvvəllərinin mürəkkəb ictimai-siyasi prosesləri və o cümlədən qədim Azərbaycan şəhəri olan İrəvanın tarixi taleyi haqqında irəli sürdüyü fikirlər obyektiv reallıqları əks etdirir və arxiv sənədlərinə əsaslanır. Dövlət başçımızın fikirləri, eyni zamanda, keşməkeşli və məsuliyyətli dövr olan XX əsrin əvvəlləri Azərbaycan tarixinin yenidən və daha əsaslı şəkildə tədqiq edilib öyrənilməsinə dövlət səviyyəsində çağırışın ifadəsidir. Bu cəhətdən İrəvan şəhərinin XIX əsrin axırlarındakı tarixi vəziyyətini əks etdirən bu şəhərin məhəllələrinin adlarına dair sənədlərin və materialların tədqiqata cəlb edilməsi, elmi dövriyyəyə gətirilməsi mühüm əhəmiyyətə malikdir.
Məlum olduğu kimi, özünəməxsus əlverişli coğrafi mövqeyə malik olan İrəvan şəhəri haqqında müxtəlif salnamələrdə, səyahətnamələrdə, hesabatlarda, “dəftər”lərdə çox yazılmışdır. Türk səyyahlarının və azərbaycanlı salnaməçilərin yazılarında, əsasən, bu şəhərin karvansarayları və məscidləri, dükan-bazarı, əhalisinin məşğuliyyəti kimi məsələlərdən bəhs olunmuşdur. Erməni mənbələrində isə İrəvan şəhərinin yaranmasına, əhalisinin tərkibinə, kilsələrinin tarixinə dair məlumatlara üstünlük verilmişdir. Türk–Azərbaycan qaynaqlarında öz əksini tapmış məlumatları erməni müəllifləri süni şəkildə daim təkzib etməyə çalışmış, erməni mənbələrindəki tarixi gerçəkliyə uyğun gəlməyən, saxtalaşdırılmış informasiyalar azərbaycanlılar tərəfindən haqlı olaraq qəbul olunmamışdır.
Beləliklə, XX əsr boyu davam edən informasiya mübarizəsi qədim Azərbaycan şəhəri olan İrəvanın mənşəyi və yerli əhalisi ətrafında dumanlı bir xaosun yaranmasına səbəb olmuşdur. Bu mübarizədə qarşı tərəfin məkrli, fəndgir siyasəti və xarici dillərdə yalan informasiya yaymaqdakı çevik taktikası Ermənistanla əlaqədar bütün tarixi həqiqətlərin, o cümlədən həmin ərazidə yerləşmiş İrəvan şəhərinə dair obyektiv gerçəkliyin tamamilə yanlış şəkildə dünya ictimaiyyətinə çatdırılmasına rəvac vermişdir. Fikrimcə, bu istiqamətdəki yalançı və fəndgir erməni təbliğatına ən tutarlı cavablardan biri də digər xalqların nümayəndələri olan müəlliflərin vaxtilə həmin mövzuda yazdıqları əsərlər sayıla bilər.
Bu baxımdan yanaşdıqda XIX əsr Qafqaz rus mənbələri zəngin material vermək imkanlarına malikdir. Çar Rusiyasının Qafqaz siyasətinin daşıyıcıları, təbliğatçıları, icraçıları olan belə müəlliflərin yazılarında heç şübhəsiz, məlum imperiya maraqlarının və buna uyğun olan erməni təəssübkeşliyinin izlərini də görmək mümkündür. Bununla belə, Peterburqdan Cənubi Qafqaza göndərilən əli qələmli məmurlar, yaxud yerlərdə müxtəlif sahələrdə çalışan üçüncü tərəfin nümayəndəsi olan maarifçi ziyalılar bir çox hallarda ölkə rəhbərliyində obyektiv təsəvvür yaratmaq üçün bir çox əsas məsələləri necə varsa, olduğu kimi təsvir etməyə məcbur idilər.
Bunun nəticəsidir ki, Rusiya işğalından sonra Cənubi Qafqaza göndərilmiş və ya burada fəaliyyət göstərmiş V.Q.Qriqoryev, K.A.Nikitin, S.P.Zelinski, K.Sadovski, K.Şulqin, A.Nikolski, V.Y.Devitski, L.L.Lopatinski və başqalarının əsərlərində regionla əlaqədar kifayət qədər obyektiv faktlar, məlumatlar və fikirlər də öz əksini tapmışdır.
Qafqaz rus mətbuatında fəal nəzərə çarpan müəlliflərdən biri olan Stepan Pavloviç Zelinski İrəvan şəhərinin tarixinin və konkret bir mərhələdəki vəziyyətinin əsas araşdırıcılarından biri olmuşdur. O, İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi kimi, bu şəhərdə çalışdığı illərdə yerli materialların toplanılmasına, ətraf mühitin öyrənilməsinə, bölgəyə dair informasiyaların əldə olunmasına böyük əmək sərf etmişdir. Onun 1881-ci ildə “Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar” (SMOMPK) məcmuəsinin birinci sayında çap olunmuş “İrəvan şəhəri” (54 səhifə), “Dərəçiçək” (14 səhifə), “Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları” (19 səhifə) adlı məqalələrində İrəvan şəhərinə və çevrəsinə dair əhəmiyyətli məsələlər yer almışdır. S.P.Zelinskinin qeyd olunan məcmuənin 1882-ci ilə aid ikinci sayında verilmiş “İrandan köçürülüb İrəvan quberniyasının Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin məişətindən etnoqrafik oçerklər” adlı zəngin informasiya tutumuna malik məqaləsi də qayəsi etibarilə İrəvan şəhəri və çevrəsi haqqında yazılanların davamı təsiri bağışlayır.
Hiss olunur ki, imperiyanın paytaxtından xüsusi tapşırıqla göndərilmiş məmurlardan fərqli olaraq, Stepan Pavloviç Zelinski nisbətən müstəqil düşünən rus maarifçi ziyalısı kimi obektiv araşdırmalara daha çox meylli olmuşdur. Bəzi nüansları çıxmaq şərti ilə, Zelinskinin əsərlərində gerçəkliyin payı uydurmadan qat-qat çoxdur. Bununla belə, nəzərə almaq lazımdır ki, Stepan Pavloviç İrəvan şəhərində yaşayırdı və istər-istəməz müəyyən erməni dairələri ilə əlaqəli idi. Bundan başqa, o, əsərləri üçün zəruri olan informasiyanı daha çox rus dilini bilməkdə İrəvan şəhərində yaşayan azərbaycanlılardan irəli getmiş erməni mənbələrindən almağa məcbur idi. Həmçinin İrəvan quberniyasının rəsmi statistik məlumatlarını hazırlayanların da arasında erməni məmurlar az deyildi.
Buna baxmayaraq, S.P.Zelinski İrəvan şəhərinin rus dilinə aşina olan azərbaycanlı ziyalılarından da müəyyən informasiyaları almış, yaşadığı dövrdə şəhərin ümumi mənzərəsini doğru-düzgün canlandırmaq üçün müstəqil olaraq apardığı araşdırmalara geniş yer ayırmışdır. Nəticədə, onun məqalələrindəki İrəvan şəhərinin tarixi keçmişinə dair məlumatlar yalnız erməni mənbələrinə əsaslandığı üçün bəzən birtərəfli səslənir. Şəhərin mövcud vəziyyətinə aid informasiyalarda isə imkan daxilində obyektivliyin gözlənilməsi diqqət mərkəzində dayanmışdır.
Stepan Pavloviç Zelinskinin “İrəvan şəhəri” adlı 54 səhifəlik məqaləsində, ilk növbədə, İrəvan şəhərinin tarixi, ayrı-ayrı inkişaf dövrlərindəki vəziyyəti, idarəetmə üsulları haqqında geniş məlumatlar mövcuddur. Müəllif İrəvan şəhərinin uzaq keçmişini ona təqdim edilmiş mənbələrə əsasən ermənilərlə əlaqələndirməyə çalışsa da, uzun bir dövr ərzində bu şəhərin müsəlmanlar, xüsusən də Osmanlı türkləri və azərbaycanlılar tərəfindən idarə olunduğunu etiraf etmişdir. Məqalədə XV əsrdən etibarən məqalənin yazıldığı XX əsrin ərəfəsinə qədər İrəvan şəhərinin Yaqub Bəy, Cahanşah Həqiqi, Uzun Həsən, Sultan Səlim, Şah Təhmasib, Sultan Murad, hətta I Şah Abbas, Məhəmməd Rza xan Naxçıvanski və onun oğlu Murtuzqulu xan Naxçıvanski, Hacı Hüseyn Paşa və başqaları kimi türk-müsəlman mənşəli şəxsiyyətlərin vasitəsilə idarə olunduğu illər üzrə qeyd edilmişdir. S.P.Zelinskiyə görə İrəvan şəhəri 1841-ci ilə qədər vilayət, 1841-1850-ci illərdə qəza, 1850-ci ildən başlayaraq, quberniya şəhəri statusu qazanmışdır.
Müəllif şəhərdəki qədim abidələr sırasına Dəlmə bağlarına doğru çəkilmiş yeraltı kanalı, Hüseynəli xan tərəfindən 1764-cü ildə inşa edilmiş məscidi, Məhəmmədxan Naxçıvanskinin 1791-ci ildə tikdirdiyi Sərdar zalını, Rəcəb Paşanın 1825-ci ildə saldırdığı keçmiş Türk məscidini, 1879-cu ildə Zəngi çayı üzərində salınmış böyük körpünü misal gətirmişdir. Yeri gəlmişkən deyək ki, bu abidələrin bir çoxu son vaxtlara qədər mövcud olmuş, keçən əsrin əvvəllərində azərbaycanlılar bütövlükdə Ermənistandan, o cümlədən İrəvan şəhərindən çıxarıldıqdan sonra vəhşicəsinə dağıdılmışdır.
Rus maarifçi ziyalısı S.P.Zelinskinin İrəvan şəhərinin quruluşu, məhəllə və küçələri, görünüşü, ətraf ərazisi, bağları, su təchizatı, bostançılıq və tərəvəz sahələri, sənayesi barəsindəki məlumatları azərbaycanlıların bu şəhərin qədim sakinləri olduqlarını, XIX əsrin səksəninci illərində də üstün mövqelərini qoruyub saxladıqlarını aydın şəkildə təsəvvür etməyə imkan verir. Məqalədən öyrənirik ki, Çar Birinci Nikolayın 1837-ci ildəki səfəri zamanı Sərdar zalında keçirdiyi görüşdə “gil qazan” adlandırdığı, Tiflis- Culfa magistralının üzərində yerləşən İrəvan şəhəri əsasən bir və iki mərtəbəli daş evləri, tipik müsəlman şəhərlərində olduğu kimi cəmi bir neçə əsas küçəni tamamlayan dar və əyri döngələri ilə səciyyələnmişdir. Şəhərətrafı Sarvanlar, Cəfərabad, Şurabad kəndlərinin tamamilə azərbaycanlılardan ibarət olan sakinləri İrəvan bazarlarını daim meyvə-tərəvəzlə və heyvandarlıq məhsulları ilə təmin etmişlər. Hətta şəhərin özündə də yerli əhali kiçik həyətyanı təsərrüfatlarda əsasən bağçılıq və bostançılıqla məşğul olmuşdur.
S.Zelinskinin İrəvan şəhərində, ətraf ərazilərdə və yaxın kəndlərdə yetişdirilən üzüm sortları haqqındakı məlumatlarında öz əksini tapmış, adlarının demək olar ki, mütləq əksəriyyəti Azərbaycan dilində olan, əsasən azərbaycanlıların yetişdirdikləri üzüm növləri aşağıdakılardan ibarətdir: misqalı, kərimqəndi, təmərzə, xəlili, kişmişi, şafei, xələci, əsgəri və sair. Şəhərdə geniş yayılmış alma sortları: Kəlba Cəfər alması, cənnət alması, Hacı Hüseynəli alması; armud növləri: Hacı Mehdi armudu, kişi armudu; ağaclar: qarağac, narbənd; qovunlar: tutma, şalax, dostucanı, İsfahanı, ağca nabatı, göyçə nabat; qarpız sortları: xunu, ağabəy, qurbanağası, Həsənbəyqarpızı da məqalədə öz adı ilə Azərbaycan dilində qeyd olunmuşdur.
Bütün bunlar isə XIX əsrin sonlarında da İrəvan şəhərində və ətrafında azərbaycanlılara məxsus qədim əkinçilik ənənələrinin geniş yer tutduğunu, yaşadıldığını göstərir. Qeyd etmək yerinə düşər ki, sırf Azərbaycan bağçılıq və bostançılıq mədəniyyətinə aid olan həmin adlardan bir çoxu həmişəlik olaraq erməni dilinin lüğət tərkibinə daxil olunmuşdur. Bədbəxt ermənilər hətta indi də azərbaycanlılara məxsusluğu gün kimi aydın olan bu tip sözlərdən istifadə edirlər. Ümumiyyətlə, Azərbaycan sözləri kasad erməni dilini xeyli zənginləşdirmişdir. Türk- Azərbaycan mənşəli sözlər əgər erməni dilindən çıxarılarsa, bu dil özünün leksik tərkibinin böyük bir hissəsini itirə bilər. Bizə görə, “Erməni dilində Azərbaycan sözləri” məsələsi faydalı bir elmi-tədqiqatın mövzusu kimi diqqəti çəkir. Dilçi alimlərimiz bu barədə düşünməlidirlər.
İrəvan şəhərinin quruluşu, məhəllələri haqqında verilən məlumatlar da bu şəhərdə azərbaycanlıların çoxluq təşkil etdiyini təsəvvür etməyə imkan verir. Belə ki, S.Zelinskinin İrəvan şəhərində qeydə aldığı 7 məhəllədən beşinin adı Azərbaycan dilindədir: Təpəbaşı məhəlləsi, Şəhər məhəlləsi (Mərkəz), Xanlıqbağ məhəlləsi, Dəmirbulaq, Dərəkənd məhəlləsi. Burada qeyd edilən Malakan məhəlləsi, adından da göründüyü kimi, vaxtilə İrəvan şəhərinə köçürülmüş malakanlara məxsusdur. Ermənilərin yaşadığı Çolmaqçı məhəlləsi əvvəllər ayrıca şəhərətrafı kənd kimi mövcud olmuş, yalnız 1843-cü ildə İrəvana birləşdirilmişdir. Məqalədə “Nortskiy kvartal” adlandırılan sahə isə Türkmənçay sülh müqaviləsindən sonra İrandan və Türkiyədən köçürülmüş ermənilərin məskunlaşdırılması üçün salınmış yeni məhəllədən ibarətdir.
Məqalədəki İrəvan şəhərinin su təchizatına dair məlumatlar da buranın Azərbaycan şəhəri olduğuna əlavə yəqinlik gətirir. S.P.Zelinski İrəvan şəhərinin Zəngi çaydan və Qırxbulaqçaydan çəkilmiş kanallar və arxlar vasitəsilə su ilə təmin edildiyini göstərir. Bundan başqa, əsasən, bulaqlardan təşkil olunan, yerli azərbaycanlı əhalinin “qara su” adlandırdıqları Söyüdlük suyu da İrəvan şəhərinin su ilə təchizatına özünün müəyyən töhfəsini vermişdir. Məlum olduğu kimi, mənbəyini Göyçə gölündən alan Zəngi çayı, dağ ətəklərindəki çoxsaylı bulaqlardan yaranan Qırxbulaqçay və Söyüdlük suyu sözləri Azərbaycan adlarıdır. Və S.P.Zelinski bu adların hər üçünü də Azərbaycan dilində olduğu kimi işlətmiş, mötərizədə rus dilində daşıdığı mənanı izah etmişdir. İrəvan şəhərinin azərbaycanlı əhalisi ilə yanaşı, erməni əhalisi də həmin çay adlarını Azərbaycan dilindəki kimi tələffüz etmişlər.
Qeyd etmək lazımdır ki, Stepan Zelinskinin çəkib məqaləsinə əlavə kimi “İrəvan şəhərinin planı” adı ilə daxil etdiyi və SMOMPK məcmuəsinin 1881-ci ildə çıxan birinci sayında çap etdirdiyi xəritədə də azərbaycanlılara məxsus adlar üstünlük təşkil edir. Şəhərdəki 30 küçədən aşağıdakı küçə adları Azərbaycan dilində olduğu kimi öz əksini tapmışdır: Tiflis küçəsi, Tatar, Bazar, Şəriət, Məscid, Karvansaray, Süleymanxan, Qırxbulaq, Sultan küçələri, hətta Naxçıvan küçəsi. “İrəvan şəhərinin planı”nda qeyd edilən Bannaya (Hamamçı), Poçtovaya (Poçt küçəsi), Kirpiçnaya (Kərpicli küçə), Oqorodnaya (Bostançı küçəsi), Sadovaya (Bağlar küçəsi), Polevaya (Çöllük) küçə adları da S.Zelinski tərəfindən Azərbaycan adlarının ruscaya tərcüməsindən ibarətdir.
Şəhərdəki Çarskaya, Doktorskaya, Qubernskaya, Uçilişnaya adlanan küçələr isə Rusiya tabeçiliyinin əlamətidir ki, bu küçələrin də bir çoxunun əvvəlki adı Azərbaycan dilində olmuşdur və həmin kvartallarda əsasən azərbaycanlılar yaşamışlar. S.Zelinskinin öz xəritəsində xüsusi olaraq göstərdiyi Hüseynxan məscidi, Şəhər, Təpəbaşı, Körpüqulağı məscidləri, Hacı Novruzəlibəy, Hacı Cəfərbəy məscidi də İrəvan şəhərinin müsəlman məscidləri ilə zəngin olduğunu aydınlaşdırır. Bundan başqa, yerləşmə mövqeyinə görə də məscidlərin şəhərin dörd bir tərəfini əhatə etməsi İrəvanda azərbaycanlı əhalinin demək olar ki, qədimdən salınmış əksər küçələrdə daimi sakin olduğunu nəzərə çarpdırır. Bunun əksinə olaraq, S.Zelinskinin “İrəvan şəhərinin planı”na daxil etdiyi Müqəddəs İohan, müqəddəs Serqnaya, müqəddəs Pyotr və Pavel kilsələri, adından da göründüyü kimi, Rusiya tabeçiliyindən sonrakı dövrün nişanələridir. Hətta plan-xəritədə Boqorodinitsı kilsəsinin tikilməkdə olduğu da qeyd edilmişdir.
Əvvəla, bu kilsələrdə yalnız ermənilər deyil, İrəvan şəhərində yaşayan və xristian dininə mənsub olan digər millətlərin, xüsusən rusların və gürcülərin də ibadət etmələri nəzərdə tutulmuşdu. İkincisi isə kilsə tikintisinin sürətlə inkişaf etdirilməsi İrəvan şəhərinin çar hökuməti tərəfindən süni surətdə xristianlaşdırmaq siyasətinin ifadəsi idi. Təsadüfi deyildir ki, adları qeyd olunan kilsələrin böyük əksəriyyəti Birinci Nikolayın İrəvan şəhərinə 1837-ci ildəki səfərindən sonra inşa olunmuşdu. İrəvan şəhərinin üstünlük təşkil edən müsəlman əhalisi şəhərdə salınmış kilsələrə xor baxmamış, xristian əhalisinin ibadət etməsinə şərait yaradılmasını normal qəbul etmişdir. Ermənilər isə XIX-XX əsrlər boyu İrəvan şəhərindəki məscidlərə həmişə ögey münasibət bəsləmiş, bu islam mədəniyyəti nümunələrinin təmirinə, yaxud abadlaşdırılmasına heç vaxt qayğı göstərməmişlər. Bunun nəticəsidir ki, hazırda İrəvan şəhərində vaxtilə mövcud olmuş 6 məsciddən yalnız biri qalmışdır. Şəhərin ətrafındakı yeddi müsəlman qəbiristanlığının hamısı dağıdılmışdır. Erməni vandalizminin, yalançı erməni təbliğatının əsl siması budur!
Bütövlükdə S.P.Zelinskinin “İrəvan şəhərinin baş planı” adlandırdığı xəritə yaxın keçmişin obyektiv reallığını əks etdirən mühüm sənəd kimi xüsusi əhəmiyyətə malikdir. İrəvan şəhərinin gerçək tarixinin öyrənilməsində bu xəritədən istifadə etmək faydalı olar. Digər millətin nümayəndəsi olan, tanınmış rus maarifçi ziyalısı tərəfindən hazırlanmış plan-xəritə məkrli, başdan-başa yalan-palan üzərində qurulmuş saxta və uydurma erməni təbliğatına tutarlı cavab kimi də mühüm əhəmiyyət kəsb edir. Xəritədən İrəvan şəhərinin daimi sakinlərinin azərbaycanlılardan ibarət olması, ümumiyyətlə, İrəvanın Azərbaycan şəhəri olduğu, digər millətlərin nümayəndələrinin bu şəhərə sonradan köçürüldüyü tam aydınlaşır. Ən nəhayət, bu xəritə Qafqazdakı ziyalı mədəniyyətinin XIX əsrdəki səviyyəsini də təsəvvür etməyə şərait yaradır.
İrəvan şəhərinin əhalisinin tərkibi haqqında S.P.Zelinskinin məqaləsində təhlilə cəlb etdiyi məlumatlar və cədvəllər də ciddi maraq doğurur. Burası nəzərə alınmalıdır ki, İrəvan şəhərinin əhalisinin tərkibinə dair əldə edilən məlumatlar bu şəhərdə Azərbaycan-müsəlman mövqeyini azaltmağa, tədricən aradan qaldırmağa yönəldilmiş çar Rusiyasının statistikasına əsaslandığına, bir çox halda həmin statistik məlumatların hazırlanmasında quberniya idarələrində çalışan erməni məmurlarının da iştirak etdiyinə görə tam obyektiv xarakter daşıya bilməzdi.
Bununla belə, əhalinin say tərkibi, müsəlman və xristian, yaxud azərbaycanlı və erməni əhalisinin nisbəti barədə təqdim edilmiş faktlar və rəqəmlər bir qədər erməni tərəfinin xeyrinə olmaqla şişirdilsə belə, yenə də müəyyən obyektiv nəticələrin çıxarılmasına şərait yaradır. S.P.Zelinskinin tərtib etdiyi “İrəvan şəhərində yaşayanların 50 ildəki sayına dair müqayisəli cədvəl”də bu şəhərin əhalisinin ayrı-ayrı millətlər üzrə 1829-cu ildəki və 1880-ci ilə aid göstəriciləri əks etdirilmişdir. Cədvəldə əks olunduğuna görə, 1829- cu ildə İrəvan şəhərində azərbaycanlı ailələrin sayı 1807, erməni ailəsi isə 944 olmuşdur. Fikrimcə, cədvəldəki erməni ailəsinin sayı şəhərin daimi sakini olan erməni əsilli ailələrin miqdarından bir xeyli çoxdur.
Çünki məlum olduğu üzrə Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin İrandan və Türkiyədən ilk köçləri 1828-ci ilin may-iyun aylarından etibarən gəlməyə başlamışdır. Ona görə də 1829-cu ilin sonuna dair olan məlumatlarda yerli erməni ailələri ilə yanaşı, köçürülmüş gəlmə erməni ailələri haqqındakı məlumatlar da özünə yer almışdır. Beləliklə, XIX əsrin əvvəllərində İrəvan şəhərində azərbaycanlı ailələri köçürülmüş ermənilər də nəzərə alınmaqla ən azı 50 faiz göstəricinə malik olmuşdur. Həmin ildə İrəvan şəhərinin daimi yerli sakini olan azərbaycanlı əhali 7331 nəfərdən ibarət idi. Erməni əhalisi isə köçürülənlərlə birlikdə 4132 nəfər təşkil edirdi. S.P.Zelinskinin cədvəlindən görünür ki, məqsədli şəkildə köçürülmüş erməni əhalisi hesabına 1880-ci ildə İrəvan şəhərində azərbaycanlı və erməni əhalisi arasındakı fərq xeyli dərəcədə azaldılmışdır. Belə ki, S.P.Zelinski tərəfindən 1880-ci ilə dair statistikada cədvəl üzrə erməni ailəsinin sayının 50 il ərzində artırılaraq 9509 ailəyə çatdırıldığı qeyd olunmuşdur. Bizə görə burada texniki səhvə yol verilmişdir. Çünki təqdim olunan cədvəldə artan erməni ailələrinin hesabına 1880-ci ildə erməni əhalisinin 5975 nəfərə çatdığı nəzərə çarpdırılmışdır. Heç vaxt əhalinin say tərkibi ailələrin sayından az ola bilməz. Ona görə də əhalinin və ailələrin sayı nisbətini müqayisəli şəkildə nəzərə alsaq, 1880-ci ilə dair statistikadakı ailələrin sayını göstərən 9509 rəqəminin 950, yaxud da 959 olduğu daha obyektiv görünür.
Hər iki halda İrəvan şəhərində erməni əhalisinin imperiya maraqlarına uyğun olaraq böyük sürətlə artırıldığı göz qabağındadır. Bunun əksinə, çar Rusiyasının yeritdiyi siyasətin nəticəsində azərbaycanlı əhali İrəvan şəhərində tədricən sıxışdırılmış, yavaş-yavaş heyvandarlıq və əkinçilik üçün daha sərfəli olan ətraf kəndlərə köçməyə məcbur edilmişdi. Bu isə öz növbəsində 1880- ci ildə İrəvan şəhərində azərbaycanlı əhalinin 1829-cu illə müqayisədə 1048 nəfər azalması ilə nəticələnmişdi. Bundan başqa, yaranmış yeni quberniya idarəçilik üsulu İrəvan şəhərində işləmək üçün xristian mənşəli digər millətlərin nümayəndələrinin də yerləşdirilməsi zərurətini meydana çıxarmışdı.
Bunun nəticəsində 1829-cu ildə İrəvan şəhərində başqa millətlərdən bir ailə belə olmadığı halda, 1880-ci ildə burada artıq 46 rus, 7 gürcü ailəsi də məskunlaşdırılmışdı. Bu yolla İrəvan şəhərində xristian əsilli əhalinin sayı sürətlə artırılaraq 6056 nəfərə çatdırılmışdı ki, bu da 1829-cu ildəkindən 1924 nəfər çox idi. Ancaq yenə də 1880-ci ildə azərbaycanlı əhali xristian əhalisindən, yəni ermənilərdən, ruslardan və gürcülərdən, hər üçü bir yerdə olmaqla, 237 nəfər çoxluq təşkil edirdi.
Aparılan təhlillər çar Rusiyasının Qafqaz siyasətinin, xüsusən Cənubi Qafqazdakı erməniləşdirmə proqramının ümumi mənzərəsini aydın şəkildə təsəvvür etməyə real imkan yaradır. Təqdim edilən rəqəmlər Birinci Nikolay hökumətinin ikili standartlara əsaslandığını gerçək olaraq ortaya qoyur.
İkili standartlar idarəetmə və təhsil sahələrində də özünü göstərmişdir. S.P.Zelinskinin təhlillərinə və digər mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, quberniya idarələrində, dövlət qulluğunda daha çox böyük üstünlüklə ruslar və ermənilər işlə təmin olunmuş, azərbaycanlılara çox az yer verilmişdi. Ermənilər tədricən quberniya rəhbərliyinin köməyi ilə İrəvan şəhərinin sənaye sahəsində əlverişli mövqeləri tutmağa səy göstərirdilər. Ticarət obyektlərində də ermənilərin xüsusi çəkisi tədricən artmağa başlamışdı. Məsələn, 1880-ci ildə İrəvan şəhərindəki ticarət obyektlərində 307 azərbaycanlı, 256 erməni əsilli tacir çalışırdı. XIX əsrin sonlarına yaxın İrəvan şəhərində 46 növ sənaye sahəsinin altısında artıq ermənilər tam ixtiyar sahibi olmuşdular. Ustalıq, sənətkarlıq tələb edən başmaqçı, dəri məmulatçısı, dülgərlik, bıçaqçı, dərzilik, papaqçılıq və boyaqçılıq sahələrində erməni ustalar üstünlüyü ələ keçirmişdilər.
Bunun əksinə olaraq, azərbaycanlılar İrəvan şəhərinin bazarətrafı ticarət və sənayesinə nəzarəti özlərində saxlamışdılar. Dəyirmanlarda, qəssabxanalarda, çörəkbişirmə və qənnadı sənayesində, arıçılıq sahəsində, karvansaraylarda da üstünlük azərbaycanlıların əlində idi. Sənaye sahələrindəki millətlərarası rəqabətdə mərkəzi hökumət daim erməni əhalisini dəstəkləmişdir. Nəticədə tədricən azərbaycanlı əhali kənd təsərrüfatı yönlü məşğulluq sahələrinə istiqamətləndirilmişdir ki, bu da onların müəyyən dərəcədə şəhərətrafı kəndlərə axınına səbəb olmuşdur.
Tanınmış rus ziyalısı Stepan Pavloviç Zelinskinin məqaləsindəki məlumatlardan çıxardığımız bu qənaəti görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 7 mart 1902-ci ildə “Kaspi” qəzetinin 53-cü sayında “İrəvan müxbirimizdən” adı ilə çap etdirdiyi xəbərdə ifadə olunan mətləblər dönə-dönə təsdiq edir. Aydınlıq naminə o vaxtlar İrəvan Dairə məhkəməsində tərcüməçi-dilmanc vəzifəsində çalışan Cəlil Məmmədquluzadənin Dəlmə bağlarına dair məqaləsinin əsas məqamlarını nəzərə çatdırmağı məqsədəuyğun hesab edirik. Məqalədə oxuyuruq: “Dəlmə– İrəvan şəhərinin kənarında, şəhərin cənub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlmə arxı ilə sulanan çoxlu meyvə-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər – əməksevən yerli tatarlar (azərbaycanlılar - İ.H.) salmışlar. Həmin bağları salmaq üçün onlar vaxtilə... çox alın təri axıtmışlar ki, bu əkinləri nəvə-nəticələri üçün yadigar qoyub getsinlər... Lakin təəssüf ki, əzəldən bu bağların sahibi olan savadsız insanlar həmin bağları öz qabarlı əllərində qoruyub saxlaya bilmədilər.
Bizim Bələdiyyə idarəsinin hələ çoxdan (Zelinskinin zamanından - İ.H.) Dəlmə bağlarında gözü var idi. Lakin bu barədə qəti bir tədbir görmək ona heç cür müyəssər olmurdu... Yeni torpaqlar uğrunda qızğın iş getdiyi, şəhər tərəfindən müsəlman qəbristanlığını bir otlaq kimi şəhərin ərazisinə daxil etmək məsələsi (kursiv bizimdir - İ.H.) ətrafında mübahisə başladığı zaman vəziyyət belə idi. Lakin Dəlmə bağları qətiyyən otlaq yerinə oxşamır.
1891-ci ildən başlayaraq, şəhər başqa cür hərəkət etməyi qət etdi. Şəhər Duması ...Dəlmə bağlarına vergi təyin etməkdən ötrü onların gəlirini hesablayan xüsusi bir komissiya düzəltdi... Lakin 1891-ci il komissiyası Dəlmə bağlarına o qədər yüksək qiymət qoydu ki, illik verginin ölçüsü bağların illik gəlirindən artıq çıxırdı. Beləliklə, 1891-ci ilə qədər verilməyib, üst-üstə yığılan vergi qalıqları elə bir ölçü aldı ki, bağ sahibləri bağlarından da, qalan vergiləri ödəməkdən də boyun qaçırmalı oldular”.
Daha sonra məqalədə 3 fevral 1900-cü ildə İrəvan Şəhər Dumasının xüsusi komissiyasının müəyyən etdiyi qiymətə bağların sahibləri tərəfindən satın alınması barədə qərar çıxarması, lakin “bağ sahiblərinin öz xüsusi bağlarını almağa bilmərrə razı olmadıqları” nəzərə çarpdırılmışdır. Təzədən keçmiş çoxillik vergilərin əhalidən yığılmasına dair tapşırıq verilmiş, bu isə son nəticədə Mirzə Cəlilin yazdığı kimi, “bağ sahiblərindən bəzilərinin həmişəlik öz bağlarından əl çəkməyi ciddi surətdə qət etməyə” məcbur olmalarına gətirib çıxarmışdır. Deməli, S.P.Zelinskinin “İrəvan şəhəri” məqaləsinin yazıldığı vaxtdan 21 il keçməsinə baxmayaraq, Cəlil Məmmədquluzadənin məqaləsinin çıxdığı dövrdə vəziyyət nəinki dəyişməmiş, zəhmətkeş azərbaycanlı əhali daha ciddi surətdə sıxışdırılmışdır.
“Dəlmə bağlarının əhvalatı” məqaləsi isə vaxtilə Stepan Zelinskinin rəqəmlərin dili ilə mənalandırdığı mətləblərin 33 yaşlı cavan Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə tərəfindən daha açıq şəkildə və kəskin formada sözün gücü, publisistikanın imkanları vasitəsilə ifadə edilməsi deməkdir. Bu kiçik məqalə böyük ədib Cəlil Məmmədquluzadənin vətən və millət təəssübkeşliyini, yüksək vətəndaşlıq mövqeyini bir daha qabarıq şəkildə diktə edir. “Dəlmə bağlarının əhvalatı” məqaləsi Mirzə Cəlilin imperiyanın anti-Azərbaycan siyasətinə etirazının ifadəsi idi.
Bütün bunlarla bərabər, XIX əsrin sonlarında İrəvan şəhərində azərbaycanlı əhali nə qədər çətin olsa da say tərkibi etibarilə də, habelə kənd təsərrüfatında, ticarətdə və kiçik sənaye müəssisələrində üstün mövqelərini qoruyub saxlaya bilmişdi. İrəvan şəhəri XX əsrə doğru Azərbaycan şəhəri kimi addımlamaqda davam edirdi.
Təhsil sahəsində də mərkəzi hökumət erməni əhalisinə üstün şərait yaratmış, azərbaycanlı əhalinin təhsili dövlətin maraq dairəsində çox az yer tutmuşdur. S.P.Zelinskinin məlumatlarından aydın surətdə görünür ki, İrəvan şəhərinin demək olar ki, əksər məhəllələrində rus və erməni məktəbləri açıldığı halda, azərbaycanlılar üçün yeni təhsil ocaqları demək olar ki, yaradılmamışdı. Azərbaycanlı əhali daha çox məscid məktəblərində və mədrəsələrdəki 8 məktəbdə təhsil almış, əhalinin az bir qismi isə İrəvan şəhərində açılmış rusdilli gimnaziya və progimnaziyalarda təhsillərini davam etdirmişdir. S.P.Zelinskinin İrəvan gimnaziyası, İrəvan şəhər məktəbi, qız məktəbi, İrəvan progimnaziyası haqqındakı ətraflı məlumatları məktəb və pedaqoji fikir tariximizi öyrənmək üçün mühüm əhəmiyyətə malikdir.
İrəvan şəhərində Kalbalıxan Naxçıvanskinin təşəbbüsü ilə açılmış məktəb-pansion haqqındakı məlumatlar məktəb tariximizin öyrənilməmiş səhifələrini təşkil edir. S.P.Zelinski həmin məktəbin yaranması tarixçəsini aşağıdakı kimi təsvir etmişdir: “Uşaqların təhsili ilə məşğul olan xanım Stasyuleviç Kalbalıxan Naxçıvanski ilə tanış olmuş və onun övladlarını təhsil vermək üçün qəbul etmişdir. Kalbalıxan uşaqlarının təhsil sahəsindəki nailiyyətlərindən razı qalmış və həmin müəlliməyə müsəlman uşaqlarına dərs demək üçün İrəvana və ya Naxçıvana gəlməyi təklif etmiş, bunun üçün öz tərəfindən olacaq köməkliyi nəzərə çatdırmışdır. Xanım Stasyuleviç (Sofya Stasyuleviç - İ.H.) bu təkliflə razılaşmışdır. İrəvan şəhərinə gələn xanım ilk növbədə müsəlman uşaqları üçün pansion açmaqdan ötrü yerli müsəlman xanlarına müraciət etmiş və müsbət cavab almışdır. Onun xöşbəxtliyindən Şəfi bəy adlı bir nəfər müəlliməyə digər uşaqlar üçün örnək olsun deyə özünün iki övladına ödənişli qaydada təhsil verilməsini təklif etmişdir.
Ev kirayə edən xanım Stasyuleviç Şəfi bəyin uşaqlarını təhsil vermək üçün qəbul etmişdir. ...Az sonra təhsil alan uşaqların sayı artmış, ikinci ilin sonunda onun himayəsində 15 müsəlman uşağı təlim görmüşdür. Son vaxtlar xanımın böyük ana qayğısı və təlim məharəti sayəsində şagirdlərin sayı 45 nəfərə çatmışdır... Bu, İrəvan şəhərinin birinci özəl pansionu idi... 1877-ci ildə həmin pansionda 105 şagird təhsil almışdır. Beləliklə, xanım Stasyuleviçin İrəvan şəhərində təhsil müəssisəsi yaratmaq səyləri baş tutmuşdur. Buna görə o, yerli cəmiyyətin, xüsusən müsəlman əhalisinin hər cür minnətdarlığını qazanmağı haqq etmişdir”.
Zaman öz işini görmüş, İrəvan şəhərində azərbaycanlılar üçün də dünyəvi məktəblər açılmışdır. Kalbalıxan Naxçıvanskinin və Şəfi xanın xidmətləri sayəsində bu məktəbin təşkili hesabına şəhərdə azərbaycanlı əhalisinin səviyyəsi yüksəlmiş, mövqeləri daha da möhkəmlənmişdir. S.P.Zelinskinin “İrəvan şəhəri” məqaləsi sadəcə diyarşünaslıq materialı olmayıb, geniş araşdırma imkanları ilə seçilən ciddi elmi-tədqiqat əsəridir. Bir qədər yaradıcı şəkildə yanaşmaqla bu əsərdən mənbə kimi istifadə etmək elmimiz üçün fayda gətirə bilər.
SMOMPK məcmuəsində çap olunan “Dərəçiçək” məqaləsində S.P.Zelinski bu yerin adının etimologiyasını “çiçəkli dərə” kimi izah etmiş, buranın coğrafi xüsusiyyətlərini, bitki və heyvanlar aləmini, iqlim əlamətlərini, təsərrüfat əhəmiyyətini diqqət mərkəzinə çəkmişdir. Müəllif Dərəçiçək ərazisində yerləşən malakan kəndi Konstantinovkadan bəhs etmiş, malakanların həyatı və məişətindən qısaca söz açmışdır. S.P.Zelinskinin “Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları” məqaləsi də İrəvan şəhərindən toplanılan materiallar əsasında yazılmışdır. Burada 150 Azərbaycan atalar sözü və məsəlinin rus dilinə tərcüməsi verilmiş, hikmətli kəlamlarda ifadə olunan, bəzi şəxs və yer adlarına aydınlıq gətirən izahlar diqqətə çatdırılmışdır.
Müəllif İrəvan şəhərinin müsəlman təbəqəsi arasından 59 Azərbaycan tapmacası toplamış, tapmacaları rus dilinə çevirmiş, cavablarını ayrıca qeyd etmişdir. Eyni zamanda, Stepan Pavloviç Zelinski İrəvan şəhərində daha çox işlədilən, geniş şəkildə müraciət olunan 55 qadın adını əlifba sırası ilə düzmüş, onların etimoloji mənalarını izah etmişdir. “Tatar atalar sözləri...” məqaləsi də məntiqi mənada İrəvan şəhərində Azərbaycan folklorunun, azərbaycanlı ruhunun, Azərbaycan mühitinin hakim olduğunu təsdiqləyir. Bu ciddi elmi-tədqiqat əsəri folklorşünaslıq, etnoqrafiya, dilçilik baxımından da qiymətlidir. Elmi-siyasi əhəmiyyəti nəzərə alınmaqla S.P.Zelinskinin “İrəvan şəhəri”, “Dərəçiçək”, “Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları” əsərləri müəyyən ixtisarla ayrıca çap olunmağa layiqdir.
Göründüyü kimi, tanınmış rus maarifçi ziyalısı Stepan Pavloviç Zelinskinin İrəvan şəhərinə dair tədqiqatları ilk növbədə bu şəhərin tarixinin, keçdiyi inkişaf yolunun öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bundan başqa, həmin dəyərli məqalələr silsiləsi İrəvanın Azərbaycan şəhəri olduğunu bir daha yəqinləşdirir. Eyni zamanda, S.P.Zelinskinin araşdırmaları bu mövzu ətrafında olan mübahisəli məsələlərə aydınlıq gətirən qiymətli elmi mənbədir.
Heç şübhəsiz, Stepan Pavloviç Zelinskinin əsərlərinin müəyyən nöqsanları da mövcuddur. Dərəçiçək, Zəngi çayı və sair kimi sözlərin onun tərəfindən həm də erməni dilində olan sözlər kimi Azərbaycan dilinə tərcümə olunması obyektiv reallığı ifadə etmir. Bəzi qadın şəxs adlarının etimologiyası yanlış izah olunmuşdur. “İrəvan şəhəri” məqaləsində Şah İsmayılın 1636-cı ildə bu şəhəri işğal etdiyi qeyd olunur ki, bu məlumat görkəmli dövlət xadiminin tərcümeyi-halı ilə üst-üstə düşmür. Bəzi məqamlarda ermənilərin mənafeyinə xidmət edən notlar müşahidə olunur. Lakin qeyd edilənlər S.P.Zelinskinin İrəvan şəhərinin haqqındakı əsərlərinin əhəmiyyətini heç də azaltmır. Əsər əsasən “İrəvan şəhəri - necə varsa” anlayışına cavab tapmağa imkan verir.
Bütün bunlar isə ölkəmizin Prezidenti İlham Əliyevin İrəvanın Azərbaycan şəhəri olduğuna dair bəyanatının obyektiv reallığın, tarixi gerçəkliyin danılmaz ifadəsi olduğunu qəti şəkildə təsdiqləyir. Möhtərəm Prezidentimizin obyektiv bəyanatı humanitar sahədə çalışan alimlərimizin, ümumiyyətlə, tariximizin ağrılı məqamları, o cümlədən uydurma Ermənistan dövləti ilə əlaqədar daha ciddi və dərin, əsaslandırılmış, ilk mənbələrə söykənən, milli maraqlara xidmət edən yeni və sanballı tədqiqatlar aparmağa çağırır. Ölkəmizin Prezidentinin məlum bəyanatından sonra qısa müddətdə təkcə İrəvan şəhəri ətrafında meydana çıxmış maraqlı və əhəmiyyətli ciddi tədqiqatlar qeyd olunan sahələrdə ciddi boşluqların olduğunu göstərməklə bərabər, Azərbaycanımızda həmin ümummilli vəzifələri həyata keçirməyə səfərbər olan böyük elmi potensialın mövcudluğunu da nümayiş etdirir.
İnanırıq ki, S.P.Zelinskinin İrəvan şəhərinə həsr olunmuş məqalələr silsiləsi tarixçilərin, folklorşünasların, etnoqrafların, iqtisadçıların, coğrafiyaçıların, pedaqoqların və dilçilərin diqqətini cəlb edəcək, bu əhəmiyyətli əsərlərdən yerli-yerində istifadə olunacaqdır.
Azərbaycan ərazilərinə göz dikmiş, torpaqlarımızda işğalçılıq siyasəti həyata keçirən Ermənistan heç vaxt unutmamalıdır ki, onların indi mənsub olduqları qondarma dövlətin özü də vaxtilə zorla zəbt olunmuş Azərbaycan torpaqlarında yerləşir.
Hər şeyin vaxtı çatacaqdır!
İsa HƏBİBBƏYLİ, AMEA-nın I vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik
"Xalq qəzeti"
14.10.2020