Oktyabrın 14-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, telefon söhbəti zamanı nazir Ceyhun Bayramov rusiyalı həmkarına regionda son gərginliklə bağlı məlumat verib. Qarşı tərəfin diqqətinə çatdırılıb ki, oktyabrın 14-ü gecə saat 1-də Ermənistanın silahlı qüvvələri azərbaycanlı mülki əhaliyə və mühüm əhəmiyyət kəsb edən infrastruktura hücum etmək məqsədilə Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaq üçün hazırlıq vəziyyətinə gətirilmişdi. C.Bayramov vurğulayıb ki, Azərbaycanın Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və öz mülki əhalisini qorumaq məqsədilə işğal altında olan Kəlbəcər rayonunun Azərbaycan-Ermənistan sərhəd ərazisində hərbi legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv edib və bununla növbəti insan faciəsinin qarşısını alaraq, çox sayda azərbaycanlı mülki şəxsin həyatını xilas edib.
Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov mülki şəxslərin tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb.