Əslində milli və tarixi müstəvidə hər birimiz hər şeyi çox gözəl bildiyimizə görə, tarixi fakt və dəlilləri bir-bir yenidən sadalamaq fikrindən uzağam. Qısaca olaraq, bir daha onu vurğulayım ki, işğalçı ermənilər bizim ərazilərimizə əsasən 1828-ci ilin Türkmənçay sülh müqaviləsindən sonra ərazinin demoqrafik vəziyyətini süni şəkildə dəyişdirmək məqsədi ilə İrandan və Türkiyədən köçürülüblər. Həmişə rusların maşası olan bu toplumun Azərbaycanın dilbər guşələrinə köçürülməsinin də əsasında Rusiyanın bu bölgədə özünə “dayaq məntəqəsi”, forpost yaratmaq siyasəti dayanırdı.
Heç şübhəsiz ki, son 200 ildə xalqımıza qarşı törədilən soyqırımların və digər hərbi cinayətlərin də məğz və mahiyyətində Ermənistan və onun havadarlarının terrorçu mahiyyəti dayanır. Və xüsusilə vurğulanmalıdır ki, Ermənistanın bu cür şovinist, dağıdıcı, heç bir insani dəyərlərə sığmayan dövlət siyasətindən əzab çəkən, bu gün belə səfalət və böhran içində yaşayan həm də erməni toplumudur. Səbəb də odur ki, erməni “lider”lər terrorizm, işğalçılıq, dağıdıcılıq təfəkküründə olduqlarına görə, Ermənistan həmişə mühüm beynəlxalq iqtisadi və siyasi layihələrdən kənarda qalıb. Bu gün Ermənistanın valyuta ehtiyatı 1,5 milyard dollardır, xarici dövlət borcu isə 8 milyard dollardır. Yəni bu ölkə tamamən iflasa uğrayıb.
Sorosun uşağı
Qısası, “Dənizdən-dənizə Ermənistan” xülyası bunların axırına çıxıb. Təsadüfi deyil ki, yaşadığı coğrafiyada bütün qonşu ölkələrə ərazi iddiası edən ikinci bir dövlət yer üzündə tapmaq çətindir. Pis cəhət həm də odur ki, zori balayanlar, sarkisyanlar, köçəryanlar özlərinin zəhərli və zərərli ideologiyaları ilə bütöv bir toplumu bu cür cəfəng arzularla əbədiyyən zəhərləyiblər. İndiki məqamda isə baş nazirləri Nikol Paşinyan da onlardan geri qalmır.
İdarəçilikdə kifayət qədər səbatsız və qeyri peşəkar, küçə psixologiyası ilə hakimiyyətə gələrək Sorosun küçə uşağı olan bu şəxs ordumuzun son günlər həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarına ağılagəlməyəcək qədər çirkin don geyindirməyə çalışdı. Nəinki beynəlxalq ictimaiyyəti, öz xalqını belə aldatmaqdan, onlara yüzlərlə yalan sırımaqdan çəkinmədi. Bir daha təsdiq edildi ki, Ermənistanın formal müstəqillik dövründə ən böyük problemi elə özünə normal lider, rəhbər yetişdirə bilməməsindədir. Zaman göstərdi ki, o, ermənilərin başçısı yox, baş başı və boş başıdır. Artıq internet resursları və sosial şəbəkələrdə də minlərlə erməni istifadəçi bunu etiraf edir. Samvel Qriqoryan adlı istifadəçi "Twitter”də yazır: "Paşinyanın rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olub, vətəndaşlarımız vətənlərindən qaçırlar. Onun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir. Paşinyan bizi məğlub etdi. İndi rədd olmalıdır!”.
Sona qədər müharibə
Paşinyanın (artıq ictimaiyyət onu rişxəndlə “Paşolyan” adlandırır) erməni xalqına bu gün etdiyi müraciəti ilə tanış olarkən öz fikirlərimdə yanılmadığıma bir daha əmin oldum. Paşinyan Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmaq barədə təklifləri qəbul etmədiyini açıqladı: “Azərbaycan addım-addım qarşımıza şərt qoydu ki, öncə 5, sonra isə 2 rayonu onlara qaytaraq, sonda Qarabağı sülh müqabilində qaytarmalı idik. Bizim hökumətimiz bundan imtina etdi, bu bizim üçün qəbuledilməz idi”.
Ermənistanın hökumət rəhbəri cəbhənin həm şimal, həm də cənub istiqamətində geri çəkildiklərinin və döyüşlər zamanı ciddi itkilər verdiyini də etiraf etdi: "Mən bunları sizin aranızda vahimə yaratmaq üçün demirəm. Düşmən son vaxtlar döyüş taktikasını dəyişərək arxa xəttimizə daxil ola bilib".
Nikol Paşinyan döyüşlərdə ağır itkilər vermələrinə baxmayaraq, Qarabağın heç bir ərazisinin Azərbaycana qaytarılmayacağını söylədi: “Biz sona qədər dirənəcəyik. Heç bir ərazi Azərbaycana qaytarılmayacaq. Sona qədər müharibə”.
Burdan çıxan məntiqə diqqət edin, müharibədə məğlub ola-ola gedir, amma həyasızcasına sülhdən çox uzaq bəyanatlar verməkdən də çəkinmir. Döyüşlərdə minlərlə əsgər itirən, öz ordusuna əsgər tapmayan, 2 milyard dollardan artıq məbləğdə döyüş texnikaları əsgərlərimiz tərəfindən darmadağın edilən, böyük diplomatik fiaskoya uğrayan bir “liderin” növbəti açıqlamaları suda boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Bunun sonu dərin uçurumdur, yalnız dərin uçurum...
Paşinyan küçədən gələn bir adamdır
Prezident, Ali Baş Komandan İlham Əliyevin “Haber Türk” televiziyasına müsahibəsindən bir məqama diqqət edək: “Bilirsiniz, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi, rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə aparır… Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir”.
Cənab prezidentin tarixə yazılacaq bu fikirlərini əslində, son dönəmlərdə ermənilərin yetişdirdiyi bütün “lider”lərə şamil etmək olar. Hadisələrin gedişi onu göstərir ki, ermənilər indiki müharibədə ağır məğlubiyyətə görə, həm Paşinyandan, həm də qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti Harutunyandan ağır intiqam alacaqlar. Artıq Ermənistanda “bizə aid olmayan torpaqlarda bizim oğullarımız niyə ölməlidir”,- fikri ilə ciddi etirazlar və sosial partlayışlar başlayıb. Ermənilər indi-indi başa düşürlər ki, yetim quzudan qoç olmadığı kimi, Sorosun yetimi olan Paşinyandan da lider olmayacaq. Azərbaycan xalqı isə əmindir ki, Azərbaycan şəhidlərimizin qanı və canı bahasına öz ərazi bütövlüyünü bərpa edir və edəcək. "Dənizdən-dənizə Ermənistan" xülyası isə Paşinyanlar kimi məhv olub tarix səhnəsindən silinəcək! Bu gün ermənilərə müraciətində Paşinyan bir daha təsdiq etdi ki, o, sülh istəmir, sonacan müharibə istəyir. Və bunu açıq bəyan etməklə bir daha təsdiq etdi ki, o, siyasətçi deyil, almasatandır. Ona görə də
Möhkəm dayanın, Azərbaycan odusunun zəfər yürüşü davam edəcək!
P.S. Qeydlərimi yazarkən Ali Baş Komandanımız bizim növbəti qələbəmizi, Paşinyanın isə növbəti məğlubiyyətini açıqladı: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"