Düşmənin Azərbaycanın yaşayış məntəqələrini hədəfə alan raketləri Hərbi Hava Qüvvələrimiz tərəfindən qabaqlayıcı zərbə ilə sıradan çıxarılıb
Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərlərinə Ermənistan ərazisindən raket zərbələri endirilib. Dünən Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib. Dinc əhali arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raket kompleksi Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib. Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu oktyabrın 14-də Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHM) Qərargah rəisi general-mayor İkram Əliyev ölkəmizdə akkreditə olunan diplomatik korpusun rəhbərləri və hərbi attaşelərin iştirakı ilə keçirilən brifinqdə deyib.
General-mayor İkram Əliyev qeyd edib ki, əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, atış məsafəsi Bakını da ötə bilərdi. Mülki yaşayış məntəqələrini hədəfə alan raketlər hərbi hava qüvvələrimiz tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.
Bildirilib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyatlar nəticəsində oktyabrın 12-də saat 14 radələrində işğal altında olan Qubadlı rayonu ərazisində bir ədəd “Toçka-U” raketi məhv edilib. Oktyabrın 14-də gecə saat 01 radələrində 2 ədəd, səhər 08:30 radələrində isə 1 ədəd olmaqla ümumilikdə 3 ədəd “Elbrus” raket qurğusu raketlərlə birlikdə ordumuz tərəfindən aşkarlanaraq məhv edilib. 300 kilometr məsafəyə malik “Elbrus” ballistik raketi ön cəbhəyə gətirildiyi zaman Bakı şəhərinə çatacaq uçuş məsafəsinə sahib ola bilərdi. Əldə edilmiş kəşfiyyat məlumatları əsasında Dağlıq Qarabağda yerləşən 1-ci ümumqoşun ordusunun tərkibində belə hərbi hissənin olmadığını bilirik. Bu silah Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin hərbi hissə Stepanavan şəhərində yerləşir.
Brifinqdə raket komplekslərinin vurulması anının videogörüntüsü təqdim edilib. Qərargah rəisi bildirib ki, həmin videogörüntülərdə iki raket texnikasının hərəkətdə olduğu və döyüş mövqeyi tutduğu görünür.