İordaniyanın “əl-Haqiqa əl-Duvaliyyə” telekanalının efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar haqqında danışılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Cümə görüşü” verilişinin qonaqları olan İslam Əmək Cəbhəsi partiyasının liderlərindən biri Xalid əl-Cuhəni və iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər əl-Armuti Azərbaycanın tarixi, regionda oynadığı rol haqqında qısa məlumat veriblər, Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etməsi və bu işğalın törətdiyi fəsadlar barədə söhbət açıblar.
Ömər əl-Armuti verilişdə Ermənistanın 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etdiyini və ATƏT-in Minsk qrupunun son 28 il ərzində fəaliyyətsizliyini tamaşaçıların diqqətinə çatdırıb. O bildirib ki, Azərbaycanın böyük hərbi potensialı və geniş iqtisadi imkanları var. Azərbaycan Qarabağ münaqişəsinin dinc, siyasi yolla tənzimlənməsinin tərəfdarı olsa da, Ermənistanın son təxribatlarına cavab vermək məcburiyyətində qalıb.