Məşhur bir ifadə var: “Mənə faktı göstər, onun qarşısında papağımı çıxarım”. Təbii ki, fikrin orijinalı bizim dildə deyil. Çünki bizim papaq gəzdirən ata-babalarımız milli ənənəyə uyğun olaraq heç vaxt və heç yerdə onu başından çıxarmazdı. (İndi isə bəzi məqamlarda çıxarırıq və bu yeni adət də ya Rusiyadan, ya da Avropadan gəlib) Ancaq doğrudan da sentyabrın 27-dən başlanan və hər bir azərbaycanlı üçün Vətən Müharibəsi sayılan Qarabağ savaşında əldə edilən qələbə müjdəli hər hansı dəqiq bir faktın və ya dəlilin qarşısında papaq çıxarmağa dəyər. Çünki əlahəzrət fakt həmişə faktlığında qalır.
18 gündür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımıza Qarabağ cəbhəsində əldə edilən uğurlar, qazanılan qələbələr və işğaldan azad edilən kəndlər, qəsəbələr, şəhərlərlə bağlı xoş müjdələr verir. Sonra isə bütün bu faktlar aydın dəlillər, video və fotogörüntülərlə öz təsdiqini tapır. Yəni ortaya dəqiq məlumatlar qoyulur.
İndi müharibə təkcə döyüş meydanında ağır artilleriya və aviasiya vasitələri, dronlarla getmir, həmçinin siyasi müstəvidə və ən əsası da informasiya cəbhəsində də savaş davam edir. Kim daha çox hazırlıqlı və faktlara əsaslanan dəlillər ortaya qoya və ictimaiyyəti inandıra bilirsə, o da qələbəsini təmin edir. Amma bu istiqamətdə müasir oxucu və izləyicini aldatmaq, ona hansısa feyk xəbəri sırımaq mümkün deyil. Bu gün daha çox sosial şəbəkələrdən istifadə edilərək təqdim edilən yalan məlumatın ömrü 40 gün deyil, cəmi 40, hətta peşəkarların əlində 4 dəqiqədir. Bunu biz ildırım sürətilə hücuma keçən Azərbaycan Ordusunun zərbələri qarşısında tab gətirməyən Ermənistan hökumətinin yaydığı xəbərlərin fonunda aydın görürük. Azərbaycan Ordusu Vətən Müharibəsindəki savaşı ilə 30 ildir Qarabağı və onun ətraf ərazilərini işğal edən erməni ordusunun hərbi texnikası və canlı qüvvəsi ilə bərabər “yenilməzliklə” bağlı boş miflərini darmadağın etdi. Məqsədli şəkildə qurulan informasiya müharibəmiz, cəbhədən təqdim edilən videogörüntülər, Qarabağın işğaldan azad edilən kəndlərinin səmasında dalğalanan üçrəngli bayrağımız, bir zərbə ilə məhv edilən düşmənə məxsus silah-sursat, canlı qüvvəni əks etdirən videogörüntülər- faktlar bu istiqamətdə də düşməndən üstün olduğumuzu sərgiləyir.
Hətta bu gün öz məğlub durumunu xalqından gizlətməyə çalışan Ermənistan hökuməti də Qarabağ cəbhəsində Azərbaycanın uğurlarını bir daha təsdiq edir. Əvvəlcə Ermənistanın baş naziri, siyasi hoqqabaz Nikol Paşinyan etiraf etdi ki, Azərbaycan ordusu iki istiqamətdə xeyli irəliləyib, sonra isə Qarabağda fəaliyyət göstərən, qondarma qurumun rəhbəri Araik Arutunyan cəbhədən qaçan Qarabağ ermənilərinə və Ermənistandakı haylara səslənərək onlardan kömək istədi. Çünki bütün silah-sursatı və canlı qüvvəsi məhv edilən Ermənistan ordusu cəbhə xəttini bir neçə istiqamətdə yaran əsgərlərimizin qarşısında dayana bilmir. Ermənistana məxsus internet resurslarında və sosial şəbəkələrdə bu gün Ermənilərin öz məğlubiyyətlərini rəsmən etiraf etdiyi gün kimi assosiasiya olunur. Deyəsən, “xoruzun quyruğu” görünür. İndiyədək cəbhədə üzləşdikləri məğlubiyyəti öz xalqından zorla ört-basdır edən erməni təbliğat maşınının gücü real faktlar əsasında öz qüvvəsini itirir.
P.S. Günün ən mühüm xəbəri isə yenə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən gəldi:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Davamı isə olacaq!!!
Səməd Canbaxşiyev
Jurnalist