Cəbhədəki uğursuzluq Ermənistan cəmiyyətinin əsaslarını getdikcə daha dərindən sarsıdır. Hətta bu ölkənin KİV-i baş naziri N.Paşinyanı ordu ilə bağlı şoular düzəltməkdə ittiham edir. "4rd.am” saytı bu məsələyə nəzər salaraq onu da yazır ki, bir müddət əvvəl hərbi xidmətə könüllü yazılan Paşinyanın oğlu nədənsə döyüş bölgəsinə gəlməyib. Bildirilir ki, Aşot Paşinyanın könüllü şəkildə hərbi xidmətə yazılmasının siyasi şou olduğu öz təsdiqini tapmaqdadır.
Məsələ bundadır ki, populist Paşinyan bu yolla sürətlə azalmaqda olan nüfuzunu qorumağa çalışır. O, ölkəni sosial, siyasi və iqtisadi problemlərdən çıxara bilmədiyi üçün bu cür yolla öz reytinqini saxlamaq istəyir. Halbuki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi bu ölkənin təcavüzkar dövlət olmasının açıq göstəricisidir.
Aşot ortalarda yoxdur
"4rd.am” saytı daha sonra yazır ki, baş nazirin oğlu deyildiyi kimi hərbi xidmətə könüllü yazılsa da, bir müddət vaxtını Xankəndidə keçirib və sonra Yerevana qaçıb. Məqalədə Aşot Paşinyanın vaxtilə Qarabağda təhlükəsiz və komfortlu şəraitdə hərbi xidmət etdiyi, həmçinin onun burada vaxtını boş keçirmədiyi də xatırladılır. Bildirilir ki, o, hərbi xidmətdən başqa hər şeylə məşğul idi: "Hətta qudurmuşluğun dərəcəsinə baxın ki, evinin mühafizəsi üçün hərbi bölük ayrılmışdı. Burada onun özünə münasib bildiyi yoldaşları ilə bərabər gecə əyləncələrindən tutmuş qumar oyunlarına kimi hər şey təşkil olunurdu.
Aşot Paşinyan üçün Yerevandan böyük miqdarda pullar da göndərilirdi. Hərbi xidmətdə olarkən bu pulun onun nəyinə lazım olması barədə isə heç bir izahat verilmirdi. Görünən budur ki, hərbi xidmət baş nazirin oğlu üçün pis keçmirmiş. Necə ki, atası bütün qanunsuzluqlara gedərək baş nazir postunda vaxtını boş keçirmir, kreslosunda yerini daha da möhkəmləndirməyə çalışır. Ancaq gedişat göstərir ki, Paşinyan bu müharibədə uduzub və yaxın gələcəkdə hakimiyyətini itirəcək. Bu heç kimdə şübhə doğurmur”.
Hərbi qulluqçular fərarilik edir, qocalar ölümə göndərilir
Ermənistanın "Haynews.am” saytı yazır ki, son döyüşlərdə Azərbaycan tərəfindən "Dağlıq Qarabağ müdafiə ordusu”nun bir bölüyü tam məhv edilib. 100-ə yaxın hərbçinin taleyi isə məlum deyil. Döyüş əməliyyatları zamanı ərazidəki alayın hüquqşünası da öldürülüb. Azərbaycan Ordusunun həmlələrindən sarsılan ermənilərin hərbi hissələrindən birinin hərbi qulluqçuları isə tam heyətdə fərarilik edib.
Sayt yazır: "Şahidlərdən biri bizə bildirdi ki, vurulmuş maşınlarda 30-dan çox hərbçi ölüb. Yerli hospitaldan daxil olmuş 8 yaralı haqqında bildirdilər ki, 5-nin vəziyyəti ağırdır. Hadrut rayonu istiqamətində gedən döyüşlərdə isə 100 nəfərdən çox itki verilib”.
Məqalədə qeyd olunur ki, birinci Qarabağ müharibəsində iştirak edən yaşlı nəsil orduda xidmət etməyə çağırılıb. Yaşlılarla yanaşı, qadınların da orduya cəlb edilməsinə başlanılıb.
Xankəndi sakinləri Yerevana üz tuturlar
"Joxovurd” qəzetinin müxbirləri Xankəndidə hökm sürən vəziyyət barədə reportaj hazırlayıblar. Reportajda deyilir ki, şəhər tamamilə boşdur, insanların böyük əksəriyyəti Yerevana və digər şəhərlərə üz tutub. Qalanlar isə günlərini zirzəmilərdə gizlənməklə keçirirlər: "Şəhərin küçələrində heç bir hərbi texnika gözə dəymir. Ancaq Şuşaya gedən yolda çoxlu mülki maşınlar gözə dəyir”.
Daha əvvəl sosial şəbəkələrdə yayılan məlumatlardan məlum olurdu ki, erməni hərbçilər işğal altındakı ərazilərdən kütləvi şəkildə qaçan mülki şəxsləri geri qaytarmağa çalışırlar. Dağlıq Qarabağdakı qondarma rejimin "hökuməti” də təsdiq edir ki, işğal altında olan rayonlardan sakinlər tamamilə evakuasiya olunub, Xankəndidə isə qalan azsaylı sakinlər zirzəmilərdə gizlənir.
"Telefonlar kəsilib, internet yoxdur”
Rusiyanın Teleqram kanalı "Mash” tərəfindən yayılan kadrlardan da Xankəndinin tamamilə boşaldığı diqqətə çatdırılır. Jurnalist Sergey Titov bildirib ki, axşam saat 17:00 olmasına baxmayaraq, şəhərdə nəyisə soruşmaq və ya nədənsə danışmaq üçün heç kəs tapılmadı: "Telefon bağlantısı, internet yoxdur, zəng etmək çox çətindi. Hətta işıqforlar da işləmir. Rəsmi olaraq telefon üçün sim kart alqı-satqısı qadağandır. İnterneti olan yeganə yerlər jurnalistlərin toplaşdığı hotel və ya mətbuat mərkəzidir”.
"İravnuk” qəzetinin müxbiri Qarabağdan olan erməni jurnalist Şaqen Nazaryandan cəbhə xəttində nə baş verdiyi haqda soruşub. Ş.Nazaryan bildirib: "Mən özüm hazırda Yerevandayam. Ancaq bütün qohumlarım, o cümlədən anam Dağlıq Qarabağdadır. Onunla danışmışam, deyir ki, səfərbərlik üçün kişi tapılmır. Xankəndi və Şuşa bomboşdur. Füzuli, Ağdam istiqamətində şiddətli döyüşlər gedir. Orada mənim əmim oğlanları və bacım yaşayırdılar, anam onları oradan çıxarıb Şuşaya aparmağa çalışır. Əgər situasiya dəyişməsə, ola bilsin uşaqları dəhlizlə Yerevan tərəfə çıxarsınlar. Xankəndidə isə həyat demək olar ki, ölüb”.
Ordunun ərzaqla təminatında ciddi problemlər yaranıb
"İravnuk” qəzeti diqqəti ona da yönəldir ki, N.Paşinyan baş nazir postunu tutduqdan sonra etdiyi kadr dəyişiklikləri orduda vəziyyətin müsbətə doğru dəyişməsinə gətirib çıxarmayıb. Döyüş və qeyri-döyüş şəraitində itkilər əvvəlki kimi davam edib. Son döyüşlər isə ordunun ərzaqla təminatı baxımından ciddi problemlər yaradıb. Buna görə rəhbərlik orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı kəsməyə başlayıb.
Adının çəkilməsini istəməyən vəzifəli şəxs erməni mediasına bildirib ki, artıq bir müddətdir müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər. Onların aclıq çəkməmək üçün özləri ilə kənardan qida alıb gətirməkdən başqa çıxış yolları qalmayıb: "Böyük uğursuzluqla üz-üzəyik. Bu gedişlə əsgərləri aclıq öldürəcək. İçməyə suyu belə tapmaqda çətinlik çəkirlər. Artıq əsgərlər arasında xəstəlik tapanlar da var”.
Mənbə onu da deyib ki, hazırda orduda vəziyyət olduqca acınacaqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, onlara yalnız öz hesablarına ərzaq almaları tapşırılır.
Elçin Cəfərov
"Azərbaycan”