Mən müharibə uşağıyam.Uşaqlığım olmayıb, yelləncəyim 5 yaşında ikən tut ağacından asılı qalıb. Çadırlarda yaşamışam... Makronun, Putinin, bilməm kimlərin ölkəsində uşaqlar bağçaya gedəndə, dondurma yeyəndə, oyuncağı olanda, bir sözlə, normal uşaqlıq yaşayanda, mən zülm görmüşəm, dəhşət görmüşəm.
Müharibəni biz başlatmadıq, onlar yediyi qaba tüpürdülər. Hətta Ağdamdakı evimizi tikən usta da erməni idi. Mənim atam, babam, nəslimdən kimsə erməninin qadınına, uşağına güllə atmayıb. Milli Qəhrəman Fred Asif deyirdi ki, Allaha yalvarıram ki, mənim gülləm düşmənin qadınına, körpəsinə dəyməsin. Yəni, biz belə olmuşuq.
Amma bizim Ağdamdakı evin həyətinə "Qrad" mərmisi düşmüşdü, güllə anamın başının üzərindən divara saplanmışdı. Əslində, bunlar Xocalı faciəsi yanında heç də dəhşətli deyildi. Orada düşmənin düşmənə etməyəcəyi vəhşiliyi ermənilər etdi, qadınlar zorlandı, uşaqlar süngüdən keçirildi, qocaların belinə qaynar qazanlar bağlandı və s.
30 ilə yaxındır ki, belə boynubükük vəziyyətdə gəzirdik, sanki belimizə bağlanan o qaynar qazandan hələ də qurtula bilməmişdik. Ədalətinə tüpürdüyüm dünya birliyi bu ədalətsizliyə hələ də dözdü, göz yumdu...
30 il e, a kişi, 30 il! Mənim ömrümün yarısı, bəlkə də 3/4...
Hansı ölkəyə gedirdin, boynubükük şəkildə danışırdın, yarımçıq əcnəbi dillə qarşındakını başa salmağa çalışırdın ki, erməni bizim torpaqları işğal edib, mən də məcburi köçkün düşmüşəm. Əgər anlasa, bu, heç onun vecinə də deyildi. İndi Fransa, Rusiya və s. ölkələr kimi...
İndi o an yetişib, biz haqq mübarizəsi aparırıq, dirçəlirik. Elə bilirəm ki, indi-indi böyüyürəm, amma hər kənd, hər qəsəbə, hər kol, hər ağac ermənilərdən təmizləndikcə 5 yaşındakı uşaq kimi sevinirəm. Dondurma, oyuncaq vız gəlir, elə bilirəm dünya mənimdir.
Bu mübarizə üçün verə biləcəyim canım, qanımdırsa, o da vətənə fəda olsun! Yetər ki, uşaqlar gələcəkdə başı dik, məğrur gəzsin!
Mən ölüm, yetər ki, Vətən sağ olsun! Məndən, ondan, bizdən, sizdən analar yenə doğacaq, amma vətəndən doğulmayacaq!
Emin Səfərov
Qafqazinfo.az saytının redaktoru