Özümü dərk etdiyim yaşdan bəri ruhumda bir doğmalıq, bir həyəcan var.. Bu hiss sanki məni aid olduğum yerə çağırır. Zaman ötdükcə anlayıram ki, bu Vətən çağırışıdır. Bu gün olduğum yer, mühit hisslərimdə və düşüncələrimdə yanılmadığımı göstərir. Müxtəsər danışacağam. 2016-cı il işğaldan azad olunan Cocuq Mərcanlının, Lələ Təpə yüksəkliyinin azad olmasında bir daha əmin oldum. Ekran qarşısında əyləşib hadisələri izləmək olduqca asandır və bu hadisələr cərəyan edəndə mən də hamı kimi sadəcə Xəbərlər İnformasiya proqramı ilə kifayətlənməli olurdum. Lakin ürəyim dözmürdü, əlimdən heç nə gəlmirdi. Dilimdə vətənin qeyrətli oğullarına dua, qəlbimdə isə Şanlı bayrağımızın dalğalandığı - bizim olan yurd yerlərimizin havasını içimə doyaraq çəkmək, doyunca gəzmək arzusu var idi. Cocuq Mərcanlı küçələrində, Lələ Təpə yüksəkliyində illərdir bizim yolumuzu gözləyən o torpaqların xəfif küləyi saçlarımı sığallasın istədim. Tələbə dostlarımızla bu yurd yerlərimizə səfər edib bir neçə xarici dildə videoçarxlar hazırladıq. Hər qarışı can-qan olan torpağımı, bir türk ocağını görmək, hamıya da öz gördüyüm kimi göstərmək istədim. Dağılmış olsa belə. (Bilirdim ki, o dağıntılar cənnət məkana dönəcək). O ocağı iblis əlindən xilas edən vətən oğullarına minnətdar olmaq istədim. Şükürlər olsun ki, o anları yaşamaq mənə də nəsib oldu.
...Üfüqə baxdıqca uzanan torpaqların hələ də iblis əlində inlədiyini görmək məni məndən alırdı. Qarmaqarışıq duyğular qoynunda gözlərim sonsuz üfüqə zillənmişdi. Bir yandan azad olunan türk ocağının sevinci, digər yanda hələ də işğalda qalan ocaqlar... Axı onlar da əzəli torpaqlarımız, dədə-baba ocağımız, qədim türk elləridir. Ancaq azad olunan Cocuq Mərcanlı, Lələ Təpə arzularımı daha da coşdururdu. Yenə bir az da, daha da irəli, sonacan... Hətta tarixi Azərbaycan torpaqlarının son qarışına qədər hürr görmək arzusu, içimdəki hər qarış torpağımızın azad olunacağının əminliyindən zəif qalırdı.
Bugün hadisələrin inkişafından xəbərdaram və bilirəm ki, növbəti türk ocaqları ilə görüşümüz çox yaxındır. Bu dəfə tək yox, şəhid ailələri ilə birlikdə. Çünki bir neçə il bundan əvvəl verilən sözü tutmaq vaxtıdır. Hansı ki vətənə oğul qurban verən analarla neçə illər tədbirlər, bərabər lahiyələr həyata keçirəndə bu günləri ümid edib, əminliklə gün sayırdıq. Səbirsizlənirdik ki, səbirsizliklə bizi gözləyən Qarabağ var. Hər yaramıza bir-bir məlhəm olacaq Qarabağ. Birdə Cəbrayıldan tanıdığımız 1994-dən öz evini tərk etməyən, yaddaşımda iz qoyan Oktay Həziyev, sizi Qarabağda qarşılayacağam. “Siz bura gələn ilk naxçıvanlı tələbəsiz, elə Qarabağda da ilk mən qarşılıyacağam”, - deyən Oktay müəllim sözünüzü unutmamısınız ki? Biz artıq hazırlaşırıq.
Hazırlaşırıq, Qafqazın cənnəti olan Şuşa məcidindən ucalan azan səsi eşitməyə, namaz qılmağa, Zəngilandan xan Araza baxmağa, qartalların yaylağı Laçının həsrətinə son qoymağa, İstisuya, Cıdır düzünə, ucsuz-bucaqsız qayalara, buz bulaqlara, tər təmiz havasına, xarı bülbülə bir daha vurulmağa, xan əminin zənguləsinə əsir düşməyə hazırlaşırıq.
Nəfəs alam dərindən, keçəm Xudafərindən. Cəbrayılım, doyunca, ürəyim soyuyunca öpüm müqəddəs torpağından.
Bu ilhamı, bu əminliyi mənə verən xalqımın, ordumun güc, birlik, əzm göstərərək bir yumuruq kimi birləşməsidir. 27 sentyabr 2020-ci il təqvimin bu günü tarix kitabımızn ən şanlı səhifələrinin yazılmağa başladığı bir gün. “Güvənc yerimiz, qürur duyduğumuz şanlı ordunun əks–hücum əməliyyatları 30 ilin həsrətinə aram-aram, zərrə-zərrə, misqal-misqal son qoyur. Azərbaycan əsgəri öz tarixən sakini olduğu torpaqlarından arsız düşməni “İti qovan kimi” qovur.
Məni qorxutmur bu müharibə, nə qədər dəhşətli olsa belə. Müzəffər ordu, tarix yazan qəhrəmanlar, vətən naminə ölümün gözünə dik baxan şəhidlər... İnsana sonsuz qorxmazlıq, inam, cəsarət hissi verir. “Qarabağ bizimdir, bizim olacaq”. Son günlərdə bu şüar Azərbaycan gəncinin amalı, gecəsi, gündüzü, bütün ruhu, varlığına çevrilib. Erməni lobbisinin nümayəndələrindən olan Artur Ohanesyan bu günlərdə öz rəzil vəziyyətlərini belə əks etdirib: “Mən bu müharibəni gördüm və başa düşdüm ki, əgər belə döyüşsək, bütün torpaqları əldən verəcəyik. Azərbaycanlılar Laçını götürmək istəyir. Ancaq onlar o qədər cəsarətlidirlər ki, Ermənistanın ərazisinə də keçə bilərlər”.
Mən əminliklə deyə bilərəm ki, ordumuz bu gücə sahibdir. Bu gün biz öz torpaqlarımızda vuruşuruq. Bu cümlələri yazarkən aldığımız daha bir qələbə xəbəri bizi böyük qələbəyə daha da yaxınlaşdırır. Xəbərlər informasiya proqramında həmkarımın səsində bu cümlələr köksümü qabardır. “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtürk, Təkə, Tağaser kəndləri işğaldan azad edildi.” Artıq bir aksioma var. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Vətən eşqi məktəbində can verməyi öyrənmişik
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan!
Bu gün hər birimiz tutduğumuz vəzifəmizdən, yaşımızdan, cinsimizdən asılı olmayaraq vətənin müsəlləh əsgəriyik və hər birimiz vətən naminə candan keçməyə hazırıq. Bu fikirlərimi yazarkən qazimizin dilindən eşitdiklərimi xatırlayıram: “Sonuncu Azərbaycan kişisi şəhid olmayana qədər qadınlarımız döyüşə gedə bilməz.” Azərbaycan oğlu, Azərbaycan əsgəri ermənidən fərqli olaraq düşmən qarşısına qadın çıxarmaz. Azərbaycan kişisinin qeyrətidir, vətən sevdasıdır düşmən önündə fərqli qılan. Ordumun məğlubolunmaz gücünə inanaraq ön cəbhədə qadına bugün və daha sonra da ehtiyac olmayacaq. Onların yanında olmaq bu sevgini bütün damarlarımda hiss edərək xidmət etmək istəsəm də, bugün bu missiyanı jurnalist fəaliyyətimlə həyata keçirirəm.
Songül Vəliyeva
Naxçıvan televiziyasının əməkdaşı