Ermənistanın son zamanlar Azərbaycana qarşı artan hücumları bizi daha məsuliyyətli olmağa çağırır. Azərbaycan torpaqlarının 20 faizini təxminən 30 ildir işğal altında saxlayan Ermənistan digər ərazilərə də hücumlar edir, mülki insanları atəşə tutur. Ermənistanın bu hərəkətləri müharibə cinayətləridir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əhməd Yasəvi Türk-Qazax Beynəlxalq Universitetinin 2020-2021-ci tədris ilinin açılış mərasimində onlayn formatda çıxışı zamanı söyləyib.
Türkdilli ölkələrin ortaq dəyərlərinin qorunmasının, qarşılıqlı dəstəyin vacibliyindən danışan nazir deyib: “Azərbaycanın öz torpaqlarını və xalqını müdafiə etmək üçün apardığı mübarizədən qanuni daha nə ola bilər ki?! Bəzi qüvvələr Azərbaycanın haqq işinə səssiz qalır, işğalçı ilə təcavüzə məruz qalan eyni tutulur. BMT təhlükəsizlik Şurasının və ATƏT-in qətnamə və qərarları yerinə yetirilmir. Qardaş ölkələr olaraq bu məsələdə Azərbaycanla həmrəyliyimiz çox vacibdir”.