“Los Angeles Times” qəzetində Ermənistanın təcavüzkar siyasətinə dair məqalə dərc olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqqında yazdığı məqalə oktyabrın 14-də ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində dərc edilib.

Məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırır. N.Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edərək, ölkəmizin ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal edildiyini və 800 min dinc azərbaycanlının öz doğma yurdlarından didərgin salındığını bildirir.

Baş konsul Ermənistanın bu işğalını pisləyən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, eləcə də 30 ilə yaxındır davam edən və heç bir nəticə verməyən danışıqlara baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarının bu işğalını davam etdirdiyini qeyd edir.

N.Ağayev 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəf aldığını və nəticədə indiyədək 3 uşaq da daxil olmaqla 41 dinc sakinin həlak olduğunu və Azərbaycanın buna cavab olaraq özünü müdafiə etdiyini vurğulayır.

Münaqişənin həlli haqqında danışan baş konsul sülhün əldə olunması üçün Ermənistan qoşunlarının işğal edilmiş bütün ərazilərimizdən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtmalı olduğunu bildirir. O, bundan sonra Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birlikdə sülh və əmin-amanlıq içərisində yaşayacaqlarını qeyd edir. N.Ağayev bu münaqişənin nə etnik, nə də dini münaqişə olmadığını, uzun əsrlərboyu azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda və Azərbaycanın digər bölgələrində sülh içərisində birgə yaşadıqlarını diqqətə çatdırır.

Baş konsul vurğulayır ki, ABŞ və digər böyük dövlətlər beynəlxalq hüququn aliliyini təmin edərək, iki ölkə arasında sülhün bərqərar olması üçün Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarının çıxarılması ilə bağlı Ermənistana təzyiq göstərməlidir.

Qeyd edək ki, Qarabağ həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğu məqsədyönlü fəaliyyətini davam etdirir. Bu səpkidə sentyabrın 27-dən bəri baş konsul N.Ağayev ABŞ-ın müxtəlif qəzetlərinə və bir sıra nüfuzlu televiziya kanallarına, o cümlədən ABC, CBS, NBC, FOX, KTLA, TELEMUNDO, CURRENT TIME kanallarına və NPR/KCRW radiosuna 20-dən çox müsahibə verərək, Ermənistanın işğalçılıq siyasətini ifşa edib. Baş konsulun fikirlərinin işıqlandırılmasından qəzəblənən yerli erməni lobbisi sözügedən mətbu orqanlara təzyiqlər göstərib, hətta buna görə “Los Angeles Times” qəzetinin binası və CBS telekanalı qarşısında etiraz aksiyaları keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: