Hər insanın aid olduğu bir yer var. Doğulub, büyüyüb, üzərində ilk addımlarını atıb, ilk qəh-qəhələrini, ilk sözlərini deyib, ilk həyəcanlarını, sevinclərini, bəzən də elə kədərini paylaşdığı və həyatı boyu özünü aid hiss etdiyi o yer... Bizim üçün isə o yer Can Azərbaycandır!
Vətəni sevmək...
Bəli, vətənimiz Azərbaycandır. Biz isə azərbaycanlıyıq. Dilimiz də, torpağımız da bu adı daşıyır. Bu gün yoldan keçən kimi dindirsək, vətəni çox sevdiyini söyləyəcək. Heç düşündünüzmü vətəni sevmək nədir sizin üçün? "Vətənimi sevirəm" deyərkən cümlənin dərinliyinə enib sorğu-sual etdinizmi heç?
Vətən onu sevənlərindir! Vətən təkdir! Vətən keçilməzdir! Vətən güzəştə gedilməz! Vətən dünyada olan heç bir varlıqla əvəz edilməz! Maldan-mülkdən, candan, canandan keçilər, amma Vətəndən keçilməz! Vətən eşqi ağlın deyil, qəlbin işidir. Vətən sevgisi sevgilərin ən alisidir. Vətəni sevmək, onu qorumaq ana bətnində genlə, qanla sənin ruhuna hopur. Beləcə dünyada göz açdığın, böyüdüyün ailədən tutmuş, təhsil aldığın müəssisə, gördüyün iş belə sənin vətən qarşısında olan borcunu, vəzifəni sənə bir daha xatırladır və unutdurmur.
Mənim Vətənim! Zamanın sınaqlarına sinə gərən, tarixlərdə izlər qoyan, əfsanələr, dastanlar, möcüzələr diyarı, saysız-hesabsız fatehlər, sərkərdələr, qəhrəmanlar yetişdirən, özgə malında gözü olmayan, qonşusuna xəyanət etməyən, haqqı nahaqdan ayıran Azərbaycan! Deyirlər ki, insanlar doğulduqları, böyüdükləri yerin xüsusiyyətlərini də daşıyarmış. Azərbaycan torpağının mayasındakı mərdlik, igidlik, əyilməzlik onun vətən daşı olan oğullarına, qızlarına da siraət edib. Bu ərənlər yurdunun havasını udub, torpağında can tapan hər oğul, hər qız onun cəsarəti, dəyanəti, mübarizə əzmi ilə yoğrulub. Babəkimin, Koroğlumun, kişi qeyrətli Nigarımın, Həcərimin vətənidir bu diyar! Onlar bizim cəsarət, igidlik, timsalımızdır. Nə xoşbəxtik ki, bu gün də onların davamçıları var! İndi biz qeyrətli vətən oğulları ilə fəxr edirik.
Tükənən səbrimiz qələbənin müjdəçisi oldu…
Bir səhər yuxudan oyandıq... Radiolar, televiziya kanalları, sosial şəbəkələr ancaq eyni xəbəri anons edirdi. Bu anonsu 30 ildir gözləyirdik axı. Bu günün arzusu ilə yaşayırdıq axı. Bu elə bir anons idi ki, körpə uşaqdan tutmuş yaşlısına qədər kim eşitsə, sevinc göz yaşlarına qərq olurdu. “Azərbaycan ordusu Qaraxanbəyli, Qaravənd, Kənd Horadiz, Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndlərini düşmən işğalından azad edib”. Bu cümlə yer etdi həm qəlbimizdə, həm də yaddaşımızda! Kimimiz ekran qarşısında axıtdıq göz yaşlarımızı, kimimiz quruyan nitqimizlə zəfər cümlələri qurmaq istədik, kimimiz meydanlarda, küçələrdə şüarlar səsləndirərək sevincimizi bütün dünya duysun istədik. Günlər keçdikcə bir-birinin ardınca xoş xəbərlər gəldi. Beləcə davam edən Vətən Müharibəsində, ordumuzun, xalqımızın haqlı davasında zəfər bizim, məğlubiyyət isə düşmənin payına düşdü.
Vətən həsrəti sona çatır…
Namərd, üzdəniraq qonşularımız bollu-bərəkətli, ruzili torpaqlarımıza tarix boyu göz dikiblər. Müstəqilliyimiz, azadlığımız, mədəniyyətimiz, dilimiz, milli-mənəvi dəyərlərimiz hər zaman düşmən tərəfindən qısqanılıb, əlçatmaz bir xülya olaraq qalıb. Son illər Azərbaycan ordusunun göstərdiyi şücaət də düşmənə tarixin acı silləsi oldu. Azərbaycan əsgəri düşmənə öz yerini göstərdi! İllərdir ki, gözü düşmən tapdağında əziyyət çəkən doğma yurd-yuvasında qalan insanlar var idi. Bu cümləni qurarkən keçmiş zamandan danışıram. Çünki doğma yurd həsrəti artıq sona çatır. Onlar darıxdıqları kəndlərinə, ev-eşiklərinə, ordakı uşaqlıq, gənclik xatirələrinə tezliklə qovuşacaqlar. Onları qovuşduran da cəsur Azərbaycan əsgəridir!
Vətən oğlu, evin deyil,
Elin oğludur,- deyirlər.
Görkəmində hərbi mundir,
Əsgərim - deyib sevərlər.
Qürurluyuq. Yaşasın adlarını bilməsək də, dualarımızda yer alan, bu qüruru bizə yaşadan Əsgərlərimiz! Torpaq bayrağın kölgəsində vətən olur. Yaşasın vətənin bütünlüyünü geri qaytaran Ordumuz!
Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı...
İndi Məmməd Arazın bu misaralarını daha yaxşı anlayıram. Bu cümlənin nə böyük məna daşıdığını mənə xalqım izah etdi. Necə mi? Bir yumruq kimi birləşib, xoş gündə də, dar gündə də bir-birinə dəstəyini nümayiş etdirərək. Bu gün sən də, mən də, onlar da Qarabağdır! Qarabağlıdır! Qarabağlıyam demək üçün Qarabağda doğulmaq, o torpağın qoxusunu almaq, havasını ciyərlərinə çəkmək hökm deyil. Bəlkə də biz o torpaqları ancaq köhnə şəkillərdə, videolarda, bəlkə yaşlı nənə-babaların xatirələrində ağzıaçıq izləyib, dinləmişik. Amma biz bilirik, bizim əcdadlarımızın izi, ruhu o torpaqlarda yaşayır. O yerlər illərdir bizi gözləyir. İndi işğal altında olan torpaqlar ona doğru yaxınlaşan övladlarının ayaq səslərini eşidir.
"Yerin də qulağı var" deyirlər. Bu deyimə artıq inanıram. O torpaqlar bizi hiss edir. Əsgər balalarının dağlardan atdığı zəfər toplarının gurultusu ilə onun da yaralı qəlbin ritmini dəyişir. Axı övladları gəlir! Onlar indi daha güclü, daha məğrur və yenilməzdir! Yurd-yuvamız indi necə də sevinir. Onun 30 ildir qanayan yaraları var axı. Gözlə bizi, Qarabağ! Yaralarına məlhəm gəlir! Artıq quruyacaq gözündən axan yaşlar! Gözlə bizi, mənfur düşmən! Bu yurdun övladları əzəli torpaqlarının qandallarını sındırmağa gəlir! Unutma ki, qisas qiyamətə qalmayacaq! Zamanın silahı əvvəl-axır sənə də doğrulacaqdı! İndi sənin taleyin də, o silah da sənin gözünə dik baxan əsgərimin əlindədir!
Ey düşmən, alnının yazısı qara,
Öldürməz bizləri vurduğun yara,
Yolladığım qurşun ərmağan sana
O kirli alnını öpər bismillah.
Sevin Azərbaycanı...
Sevin Azərbaycanı! Çünki bu torpaq azadlıq cəbhəsində canından keçən şəhidlərimin əmanətidir! Əzəldən bəri sözü də, söhbəti də vətən olan, vətənlə ucalan, vətəni gözündə cənnət görən, vətənə sevgisi ürəyində başlayıb şəhadətlə bitən əsgərimin əmanətidir! Azərbaycanı sevin! Çünki o, bizdən xəbərsiz aranı-dağı dolaşıb, sübh çağı işığa dönüb, torpağı öpüb, qoxulayan, şirin canından keçən vətən oğullarının yadigarıdır! Bir də ki, sevmək yetməz! Qoruyun əmanəti! Yarımçıq qalan arzuların, xəyalların, həyatların xatirinə, göz qırpmadan fəda edilən canların yerinə qoruyun Vətəni!
Torpaq bayrağın kölgəsində vətən olur...
Bu gün hamımızın ürəyi işğal olunmuş torpaqlarımız uğrunda döyüşən oğullarımızla döyünür. Bu gün hər birimiz cəbhədən gələcək xoş müjdələrin sorağındayıq. Gözümüz yolda, qulağımız səsdədir! Hər anımız Vətən deyir. Cümlələrimiz əsgərlərimizə edilən dualarla bəzənir. Əslində bilirik, əsgərimiz də səbirsizlənir bizə zəfər xəbərlərini vermək üçün. Düşməni addım-addım qovan igid əsgər azad etdiyi topaqları da səadətə qovuşdurur. İndi o torpaqlar toy-bayram edir. Çünki onun üzərində üç rəngli, ay-ulduzlu nazlı hilalı, müqəddəs bayrağı dalğalanır. Döyüş bayrağını qaldıran oğullarımız, zəfər sizindir! İrəli! Yalnız irəli! Tanrı qollarınıza güc versin! Bu vətən əzəldən bəri güvənib sizə. Xankəndində də, Şuşada da, Laçında da bayrağımızı qaldıran görək sizi!
Qarabağın gözü yolda... Az qalıb...
Çox uzaq görünən yollar artıq yaxındır. Möcüzə deyil bu. Ordumun şir biləkli, qurd ürəkli əsgərinin, zabitinin, generalının ürək işidir! Azərbaycan qadınının dünyaya gətirib, boya-başa çatdırıb vətənə ərmağan etdiyi bu igid oğullarla atalar nə qədər fəxr etsə yenə də azdır. Çünki onlar bütün dünyaya gücünü, qüdrətini elə sübut etdi ki! İndi gerisini düşmən düşünsün. Torpağımdan könül xoşluğu ilə də çıxa bilər! Lakin müharibə istəyirsə, bilməlidir ki, Azərbaycanın cəngavər oğulları artıq düşmənə aman verməyəcək! Vətən üçün lazım olsa, düşmənin şah damarını da kəsməyə qadir olan o igidlər vaxtilə ata-baba yurdundan ana qucağında çıxsa da, bu gün tank üstündə geri dönüb. Sanki Vətən onları bu gün üçün basıb bağrına! İndi borcunu layiqincə ödəməyin vaxtıdır. Bəlkə də ocaqlarının külü sovrulub, dağları dərd çəkməkdən yanıb qovrulub, çayların gözünün seli coşub, daşıb. Bəlkə də heç evləri həmin ev deyil, sökülüb, dağılıb. Amma yurd həmin yurddur! Onları görcək tanıyacaq! Qucaq açıb bağrına basacaq.
Biz qayıdırıq! Bu cümləni əslində gündəlik həyatımızda nə qədər işlədirik elə deyilmi? Ama bu dəfə ötəri bir cümlə deyil. İndi o qədər dərin bir məna ifadə edir ki. Biz qayıdırıq! Düşmən tapdağında olan torpaqlarımızdan düşmənin ayağını birdəfəlik kəsərək qayıdırıq. İndi biz şəkillərdə gördüyümüz vətən torpaqlarına yaxından baxacağıq. Düşmənin əzdiyi hər gülü yenidən əkəcəyik, çiçəyi solan yamacların çiçəkləri yenidən açacaq, xarı bülbül yenidən vətən bağına şahlıq edəcək. Barıt qoxulu o torpaqlar yuvasına qayıdan uşaqların gülüşləri ilə bəzənəcək. Anaların təndirləri yenə alovlanacaq. Evlərdə nənələrin laylalarının, oxşamalarının əks-sədası yenidən ucalacaq. O dağlar, o daşlar köhnə toy-büsatın səsinə yenidən aşiq olacaq! Tarlalar, bağlar, bostanlar indi daha barlı-bərəkətli olacaq! Bütün bunlar artıq əlçatmaz arzular deyil... Yaxın gələcək daha gözəl gələcək! Hər kəs aid olduğu yerdə xoş günlərə çıxacaq!
Qəlbimizdəki bu gözəl duyğuların memarı olan, Azərbaycan Əsgəri, Tanrı səni qorusun!
Şükufə Vidadiqızı
Naxçıvan televiziyasının əməkdaşı