Azərbaycanın Xarici İşlər naziri ilə Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət naziri arasında telefon danışığı olub
Oktyabrın 15-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov həmkarına Moskvada razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyi barədə məlumat verib. Nazir Azərbaycanın münaqişə zonasından çox uzaqda yerləşən mülki əhalisinin və infrastrukturlarının, şəhərlərinin məqsədyönlü şəkildə hədəfə alındığını, Gəncəyə edilən raket hücumlarının dinc əhali arasında ciddi itkilərə səbəb olduğunu vurğulayıb. Nazir oktyabrın 15-də səhər Azərbaycanın Tərtər rayonunun yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu, artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.
Ermənistan tərəfindən insanlığa qarşı törədilən bu cinayətləri qətiyyətlə qınayan nazir Ceyhun Bayramov Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu cinayət əməllərinə görə tam məsuliyyət daşıdığını vurğulayıb.
Nazir Vendi Morton mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib, gərginliyin azaldılmasının və atəşkəsə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, münaqişənin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd edib.