Südüm sənə halal olmaz
Sən baş əysən düşmənə...
Qonşudan eşidilən səs istər-istəməz diqqətimi cəlb edir. Nənə mahnının sözlərini tələffüz etdikcə balaca nəvəsi təkrarlayır. Nəvəsinin həvəslə təkrarlamasından ruhlanan nənə “Afərin” sözləri ilə balacanı alqışlayır.
“Yat qal şirin yuxuya” kimi laylaları indi mahnılar əvəzləyib. Nə gözəl. Əsgərinə güvənərək evində rahat oturan nənə öz vətəndaşlıq missiyasını belə yerinə yetirir: gələcəyə vətənpərvər oğul yetişdirməklə.
Ölkə başçısının qələbə motivli çıxışları anaları ordumuza mənəvi dəstəyə səfərbər edib. Kimisinin övladı hazırda cəbhədədir, kimisi ekranlardan Azərbaycan əsgərinin irəliləyərək torpaqlarımızdan düşmənin murdar ayağını kəsməsini böyük qürur və həyəcanla izləyir, kimisi də vətənpərvərlik ruhuna köklənərək vətənpərvər nəslin yetişməsinə öz töhfəsini verir. Bu xalq yenilməzdir. 90-cı illərdə ölkənin düşdüyü böhran durumundan sui-istifadə edərək torpaqlarımızın 20 faizini işğala məruz qoyan quldur ermənilər Azərbaycan xalqının bu torpaqlardan əl çəkəcəyini zənn edirdi. Lakin düşünə bilmədi ki, torpaqdan pay olmaz. Sadəcə hər şeyin öz vaxtı, məqamı var...
Rədd olun bizim torpağımızdan!
O məqam artıq yetişib. Məsələnin danışıqlar yolu ilə həllinə çalışan Azərbaycana öz “güc”ünü göstərmək istəyən Ermənistan hakimiyyəti layiqli cavabını alır, ordusundan isə heç danışmağa dəyməz-məğlub durumda. Məğlubiyyətin acısını udmaq zorunda qalan Ermənistan Baş naziri Nikol Paşinyan xalqın etibarını qazanmaq üçün çabalayır, yalana əl atır. Erməni xalqına müraciətindən də aydın görünür ki, Qarabağı sülh yolu ilə qaytarmaq fikrində deyil. Xalqını məhvə doğru sürükləyən Paşinyan Qarabağın heç bir ərazisinin Azərbaycana qaytarılmayacağını bir növ vəd edərək təsəlli vermək, inam yaratmaq istəyir. “Sona qədər müharibə” şüarı ilə çıxış edən Paşinyan digər tərəfdən də ciddi itkilər verdiyini açıqlayır. Xalqının taleyinə, mövcud durumuna, anaların göz yaşlarına biganə yanaşan Paşinyan öz xəstə təxəyyülü ilə “lider”liyini sübut etməyə çalışır. Lakin bu “lider”lik xəstəliyi ulduz xəstəliyinə tutulan bəzi müğənnilər kimi onun da arzusunu gözündə qoyacaq. Nəticə: hər ötən gün canlı qüvvə və hərbi texnikanın sıradan çıxarılması, ordusunun geri çəkilməsi və ölkədə ciddi iqtisadi böhran. "Heç bir ərazi Azərbaycana qaytarılmayacaq”,-deyir. Hadrutda dalğalanan üçrəngli bayrağı sən görməzdən gələ bilərsən, Cəbrayılda və digər azad edilmiş ərazilərdə dalğalanan Azərbaycan bayrağını sənin xalqının hər bir nümayəndəsi görür axı. Bu qədər yalanla hara qədər yürüyə biləcəksən? Ən yaxşısı sona qədər dirənməyin. Rədd olun bizim torpağımızdan!
Girrəm meydana ər kimi
Gözümüzü açandan bəri ana-nənələrimizin insansevərlik, humanizm dolu laylaları, nağılları ilə böyüşümük. Anlamışıq ki, mübarizəni ancaq şər qüvvələrə qarşı aparmaq lazımdır. Və hər zaman nağıllarımızın sonu xeyrin şərə, haqqın nahaqqa qələbəsi ilə başa çatıb. Qocaya, uşağa, qadına hörmət milli mədəniyyətimizin əsasını təşkil edib. Böyüdükcə qəhrəmanlıq dastanlarımızın sehrinə düşmüşük. Öyrənmişik ki, döyüş meydanına ər kimi girərlər. Hiylə, terror, antihumanist meyllilik bizim milli ruhumuza yaddır.
Ermənilərin hələ illər öncə törətdiyi mart soyqırımı, illər sonra təkrarladığı Xocalı soyqırımı və yaxın günlərdə törətdiyi Gəncə soyqırımı bəşəriyyətə, insanlığa qarşı törədilən ən ağır cinayətdir. Gəncə şəhərinin bombardman edilməsi, nəticədə mülki vətəndaşların həlak olması və yaralanması erməni faşizminin daha bir təzahürüdür. Səbəb və məqsədlər isə bəllidir: Azərbaycan ordusunun gücü qarşısında tab gətirməyərək məkrli plana əl atmaq və əhalisini təşvişə salaraq ordusuna qarşı inamsızlıq yaratmaq. Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması müharibə qanunlarına ziddir.
Hətta oktyabrın 15-də dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub...
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin də verdiyi məlumatda göstərilir ki, Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri-hərbi hədəfə atəş açmır.
Azərbaycan Ordusu müharibə zonasında, döyüş meydanında haqlı mübarizəsini aparır və öz torpağını işğalçılardan təmizləyir! Bu yolda canını, qanını əsirgəmir, mərdanə şəkildə əks-hücum əməliyyatlarını davam etdirir. Sevə-sevə oxuduğumuz “Koroğlu” dastanında da deyildiyi kimi,
Girrəm meydana ər kimi,
Durram qabaqda nər kimi,
Düşman boylanar xər kimi,
Qaçırtmaz meydandan məni.
Döyüşə qocalar gedir...
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub. Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan “qocalar”ı cəlb edir...
İddiaları imkanlarını aşan Paşinyanın hədəfindən əslində işğalda saxlamaq istədiyi torpaqlar çoxdan çıxıb, çünki hər gün Azərbaycan Ordusu irəliləyir və bu reallığı özü də görür. Məntiqlə düşünəndə görünən tərəf odur ki, o öz xalqını məqsədsiz və haqsız iddialarının hədəfinə çevirib. NUHÇIXAN İnformasiya Agentliyinin verdiyi digər bir xəbərdən oxuyuruq ki, Ermənistan hökuməti Qarabağda iki həftədən çox davam edən döyüş əməliyyatları nəticəsində çoxlu sayda canlı qüvvə itirdikdən sonra qadınlar bir yana, indi də uşaqları döyüşlərə cəlb etməyə başlayıb. Çoxsaylı hərbi cinayət faktlarına imza atan Ermənistan höküməti bununla da çarəsiz durumda olduğunu sərgiləyir.
Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib. Azərbaycanın ordu sıralarına isə yüzlərlə könüllü yazılır. Hər kəs o müqəddəs torpaqların azad edilməsi prosesində iştirak etmək və o torpaqlara bayraq sancmağın qürurunu yaşamaq istəyir. Çünki bu, hər bir azərbaycanlının haqqıdır. Bu günə qədər hələ ayağı Qarabağa dəyməyən və əslən Azərbaycanın başqa bölgəsindən olan hər bir gəncin mənəvi haqqıdır. Bu haqqın qabağında heç bir qüvvə dayana bilməz. Azərbaycan xalqı ordusunun yanındadır. Xalq-ordu birliyi haqq işini daha da sürətləndirir və əsgərlərimizə mübarizə əzmi verir.
Ermənistan Respublikası İqtisadi Rəqabəti Qoruma üzrə Dövlət Komissiyası mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nəzərə alaraq araşdırma apararkən isə çələnglərin və bəzi gül növlərinin qiymətlərinin artırılması faktı ilə qarşılaşır, müəssisələri bu çətin dövrlərdə birlik nümayiş etdirməyə, qiymət artımlarından çəkinməyə çağırır...
O torpaqlar cənnətə çevriləcək
XIX əsr türk təsəvvüf mühit və ədəbiyyatının öndə gələn isimlərindən olan Mir Həmzə Seyid Nigari Qarabağı belə vəsf edib: “İşıqlı, fərəhlə parlayan ölkə, əgər dünya cənnətdirsə, o cənnətdən də gözəl”.
“Ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını səkkiz aya qurduq. İndi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bütün o torpaqları biz cənnətə çevirməliyik. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq”. Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Global” telekanalına müsahibəsində bildirib.
Bəli, düşmənin murdar ayağını əcdadlarımızdan miras qalan torpaqlardan təmizləyib üçrəngli bayrağımızı dalğalandıran əsgər o torpaqlara yenidən ruh verir. Ölkə başçısı isə artıq o bölgələrin inkişaf planları üzərində işlənməsi ilə bağlı müvafiq göstərişlər verib. Azərbaycanın paytaxtı Bakı şəhərindən tutmuş digər bölgələrinin mövcud inkişafı işğaldan azad olunan kənd, şəhər və qəsəbələrimizi də əhatə edəcək, torpaq əsl sahiblərinə əmanət olunacaqdır. O gün uzaqda deyil...
Marş irəli, Azərbaycan əsgəri!
Aldığımız hər qələbə xəbəri ürəyimizə fərəh, gözlərimizə işıq verir. Həm sevinir, həm həyəcanlanır, ordumuzla fəxr edirik. Belə bir ölkənin vətəndaşları olmaqdan qürur duyuruq. Dünyada sülhün, ədalətin, tolerantlığın, humanistliyin ən bariz nümunəsi olan prezidentimizi dərin minnətdarlıq hissi ilə dəstəkləyirik. Və 15 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin “Twitter” hesabından növbəti şad xəbəri alırıq: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru