Prezident İlham Əliyev: Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində uğurlu əməliyyatı davam etdirir
Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı və hazırda o, ifadə verir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.
Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatları və müharibə cinayətləri haqqında danışarkən qeyd edib ki, sentyabrın sonunda Azərbaycanın yaşayış məntəqələri yenidən artilleriya atəşlərinə məruz qaldı. Elə ilk saatlarda həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günədək 43 nəfər dinc insan həlak olub və 200-dən çox yaralı var, 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.
Döyüş əməliyyatlarının Azərbaycan Ordusu üçün çox uğurlu olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir. Bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk”.