Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatlarında lazım olan bütün müasir silah və hərbi texnikalarla təchiz edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, həmin silahlardan istifadə nəticəsində düşmən ordusu darmadağın edilib: "Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi bir neçə ay öncə Türkiyəyə səfər edərək Türkiyə hərbi sənaye kompleksi ilə tanış olub. Həmin vaxt Azərbaycan Türkiyədən bir neçə növ hərbi silah və texnika, o cümlədən dəqiq zərbə endirən "Bayrakdar" zərbəçi pilotsuz uçan aparatlar (PUA) alıb. Azərbaycanda bir neçə növ pilotsuz uçan aparatlar var. Lakin onlar arasında daha səmərəlisi "Zərbə"PUA-sıdır. Bu PUA-lar bu dəfəki döyüşdə daha səmərəli oldu. Həmin PUA vasitəsilə Ermənistanın 3 ballistik raket qurğusu sıradan çıxarılıb. Təkcə PUA-ların istifadəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistanın 1 milyard dollardan artıq hərbi zireh və texnikası məhv edilib. Həmin PUA-larla biz düşmənin dərində olan atəş nöqtələrini məhv etmişik. PUA-ların Ermənistanın ballistik raket qurğularını sıradan çıxarmaqla biz minlərlə insanın həyatını xilas etmişik. Biz bu PUA-larla düşmənin bütün müqavimət nöqtələrinə zərbələr endirərək onları darmadağın etmişik. Bu silahlar vasitəsilə Azərbaycan şəxsi heyəti arasında itkiləri minumuma endirmişik".
Polkovnik bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin apardığı döyüş müasir döyüş taktikasına tam uyğundur: "Biz bununla düşməni maksimum zəiflətmişik, onların lazım olan atəş nöqtələrini, yüksəklikdəki mövqelərini dağıtmışıq. Çünki Azərbaycan Ordusunun silahlanması tam komplektləşdirilib".