Baş Prokurorluq: Düşmənin dinc əhalini hədəfə alması nəticəsində 47 nəfər həlak olub, 222 nəfər xəsarət alıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 47 nəfər həlak olub, 222 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.