Separatçı rejimin qondarma prezidentinin son çırpınışları - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qondarma Qarabağ Separatçı rejiminin qondarma prezidenti Araik Arutyunyanın erməni mətbuatında dünya ermənilərinə yalvarış dolu müraciəti yayımlanıb. Dənizdə boğulanın saman çöpündən mədət ummasına bənzəyən müraciətdə Araik deyir:
“Qarabağın hər zamankından daha çox sizə ehtiyacı var. Sizin ixtiyarınız yoxdur bizi və babalarınızın qəbirlərini tək qoymağa. Bu bizim son döyüşümüzdür ki, siz bundan imtina edə bilmərsiz. Tələsin ordumuza qatılmağa, nə qədər gec deyil, tez geri dönün. Lənətlənməkdənsə, Qarabağda ölməyi seçin!"
Əslində separatçı rejimin “rəhbəri” bunun son döyüş qədər, son çırpınış olduğunun özü də fərqindədir. Nəinki Ermənistanda yaşayan, heç xaricdə yaşayan erməninin də Qarabağda ölməyi seçməyə fikri yoxdur və bu “rəhbər”i üçün yalnız “xoş bir xülya”dır. Məsələ burasındadır ki, “babalarınızın qəbirlərini tək qoymayın” deyib haray çəkəndə yəqin ki, bu müraciətin sahibləri ilk bu sualı düşünüblər: “Bu nə danışır, hansı babaların? Görəsən, kimin babasının məzarıdı Qarabağda qalan?” Qondarma tarixin, mədəniyyətin bir hissəsi olan qəbiristanlıq məsələsinə də, görünür, elə ilk inanmayan özləri olub...
“Tələsin ordumuza qatılmağa”. Əgər ortada hələ də bir ordu qalıbsa...
Qarabağda qalan, onu çağıran atalarının məzarının səsləyişinə çatan deyəndə ağla ilk Dilqəm Əsgərov və Şahbaz Quliyev gəlir. Babalarının uyuduğu torpağın Məkkə, Mədinə olduğunu deyən Şahbaz və Dilqəm. Hansı ki indi doğma yurdlarının, əzizlərinin məzarını ziyarət etdikləri üçün biri ömürlük, digəri 22 il qondarma rejim tərəfindən azadlıqdan məhrum olunub. Qarabağda məzarın da, tarixi abidələrin də, məscidlərin də, lap elə quru daşın da kimə mənsub olduğunu yaxşı bilir erməni vandalları. Bildiyi üçün də məhv edir... Saxta babaların saxta tarixini, saxta məzarlarını yaratmaq üçün isə 30 il çox azdır...
Keşmişdə olduğu kimi bu gün də davam edir erməni vandalizmi... Oktyabrın 15-də Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən qəbiristanlığın düşmənin silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulması nəticəsində dörd mülki şəxs həlak oldu, dördü yaralandı, qəbirlər isə dağıdıldı...
Əgər xaricdə yaşayan erməninin Qarabağda nəinki atasının qəbri, bir quru çöpü olsaydı, bu yalvar-yapışa ehtiyac olmadan gələrdi. Necə ki gerçək məzarın sahibləri-Azərbaycan oğulları ata-babasının məzarına sahib çıxmaq, onu geri almaq üçün Qarabağda döyüşür. Ermənidən fərqli olaraq Qarabağda ölməyi deyil, Qarabağ üçün yaşamaqla, əzəli əbədi yurdumuzu Azərbaycana geri qaytarmağı seçməklə...