Azərbaycan Prezidenti: Hər gün biz yeni əraziləri azad edirik. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir
Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gündə daha çox sayda kəndlər azad edildi. Bu proses davam edir. Demək olar ki, hər gün biz yeni əraziləri işğaldan azad edirik, hər gün yeni strateji yüksəklikləri azad edirik. Ona görə bu rəqəmlər dəyişir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində işğaldan azad olunmuş ərazilər barədə danışarkən bildirib.
Dövlətimizin başçısı daha sonra həmin əraziləri xəritə üzərində göstərərək deyib: “ İndi bu xəritədə, misal üçün, Hadrut yoxdur. Artıq Hadrut bizdədir. Füzulinin ətrafında kəndlərin mütləq əksəriyyəti bizdədir. Artıq Füzuli bizim gözümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir, Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük uğurlar əldə etdik və bu proses davam edir. Hesab edirəm və əminəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilir, onlar üçün əlbəttə bu, tarixi günlərdir”.