XİN: Məkrli düşmənin təxribatı bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq
Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir. Əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir. Döyüşlər gedən ərazilərdən geri çəkilən pərakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədilə dost və qardaş İran ərazisinə raketlər atmaqda davam edir. Düşmənin hücumunu dəf edən Azərbaycan ordusunun bütün səylərinə baxmayaraq məqsədli atəşlər nəticəsində raketlər ara-sıra İran ərazisinə düşür.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məkrli düşmənin bu hərəkəti bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq.
İran İslam Respublikası tarixən dost və qardaş ölkə kimi daima Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləmişdir.
Bu gün də biz qardaş İran xalqının həmrəyliyini hiss edirik, İran hökumətinin rəsmi bəyan edilmiş dəstəyini yüksək qiymətləndiririk. İran dövləti regionda sülhün bərqərar olunmasına öz töhfəsini əsirgəmir, sabitlik və təhlükəsizliyin təmin olunmasına tərəfdar çıxır.
Azərbaycan xalqı dostunu və düşmənini yaxşı tanıyır. Azərbaycanın müstəqillik tarixinin bu taleyüklü dövründə xalqımıza və dövlətimizə dəstək verən, onun yanında olan bütün dövlətlərin və xalqların bu ədalətli münasibətlərini unutmayacaq.