BMT Baş katibi Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə məlumatlandırılıb
Oktyabrın 16-da Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xarici İşlər naziri Ceyhun Bayramov bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması barədə BMT Baş katibinə məlumat verib. Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini və mülki infrastrukturu, həmçinin münaqişə zonasından uzaq yerləşən şəhərləri məqsədyönlü şəkildə atəşə tutduğunu vurğulayıb. O, humanitar atəşkəsin elan edilməsindən 13 saat sonra Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulduğunu bildirib. Nazir bu günə kimi 47 mülki şəxsin həyatını itirdiyini və 222 nəfərin isə yaralandığını qeyd edib.
Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
BMT Baş katibi Antonio Quterreş bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb. BMT Baş katibi, həmçinin münaqişənin siyasi yolla həllinin zəruriliyini qeyd edib.