Müstəqilliyimiz daimidir, əbədidir

A- A A+

XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında isə ikinci dəfə müstəqillik əldə etmişdir.

Ulu öndər Heydər Əliyev hələ sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmiş, milli müstəqillik konsepsiyası ümummilli lider tərəfindən işlənib hazırlanmışdır.

“Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır. Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hazır olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda məqsədyönlü siyasi mübarizə aparmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ulu öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Rus qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikasının müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı. Bir sözlə, Naxçıvan xalqımızın müstəqillik mübarizəsinin mərkəzinə çevrildi.

1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Xalqımız şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına müstəqillik qazandı. Lakin bu, müstəqilliyi qorumaq uğrunda aparılacaq daha gərgin mübarizələrin başlanğıcı idi. Təəssüf ki, müstəqilliyimizin ilkin mərhələsində –1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar son həddə çatmış, separatçı meyillər daha da güclənmişdi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi.

Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi, Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən ulu öndərimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir.

Bu dövrdə ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu. Xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyyəsi yaxşılaşdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu, torpaqlarımızın işğalının qarşısı alındı, ordu quruculuğuna başlandı.

Mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu öndərin ardıcıl olaraq xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsip və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafını şərtləndirdi.

Ümummilli liderin siyasi irsinin layiqli varisi, ölkə başçısı cənab İlham Əliyev dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun artması, qeyri-neft sektoruna, regionların inkişafına yönəldilən investisiyanın ilbəil çoxalması, sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının iqtisadi siyasətinin əsasını təşkil edir.

Son illər ərzində Azərbaycan iqtisadiyyatı dəfələrlə artmış, ümumi daxili məhsula bərabər səviyyədə valyuta ehtiyatları yaradılmışdır. Sosial problemlərin uğurlu həlli nəticəsində bu gün Azərbaycanda işsizlik minimum səviyyəyə endirilmişdir. Bakı-Tbilisi­-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərlərinin inşa edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi müstəqil ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasını təmin etmək istiqamətində atılan əhəmiyyətli addımlardır. Bu tədbirlər nəticəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.         

Müstəqillik ən şirin nemətdir və ulu öndərimiz Heydər Əliyevin də dediyi kimi, onu qorumaq əldə etməkdən çətindir. Müstəqilliyi şərtləndirən mühüm amillərdən biri və başlıcası onun ərazi bütövlüyünün toxunulmazlığının təmin olunması, bunun üçün isə hər bir müstəqil dövlətin güclü ordusunun olmasıdır. Artıq Azərbaycanın müstəqil ordusu var və öz gücünə, silah və texnika ilə təchizatına görə dünyanın ilk ən güclü 50 ordusu sırasında özünə yer alıb. Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrinə müxtəlif silahlardan yenidən atəş açmaqla yeni təxribatlara başlamış, bu təxribatların qarşısını almaq üçün əks-hücum əməliyyatlarına başlayan müstəqil ordumuz öz gücünü göstərməkdədir. Ötən bu müddət ərzində 2 şəhər, 1 qəsəbə, 58 kəndin, bir neçə strateji yüksəkliyin alınması, düşmənin milyardlarla ölçülən məbləğlərdə döyüş texnikasının məhv edilərək sıradan çıxarılması da onu göstərir ki, müstəqil dövlətimizin qüdrətli ordusu istənilən tapşırığı yerinə yetirməyə hazırdır və Ermənistanın işğalı altında olan torpaqlarımızda da Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil. Çünki bizim işimiz haqq işidir. Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin vurğuladığı kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq".

 Qürur duyuruq ki, ölkəmiz müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. 30 ilə yaxındır, blokada vəziyyətində yaşamasına baxmayaraq, muxtar respublikamız muxtariyyətin, müstəqilliyin işığında böyük inkişaf yolu keçmişdir. Müstəqillik tariximizin ötən 20 ildən artıq bir dövründə muxtar respublikamız öz inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Belə ki, qədim diyarımız muxtariyyət qazanmasından bu tərəfə heç vaxt indiki qədər inkişafa, uğurlara, nailiyyətlərə imza atmamışdır. Son illər rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək hər yerdə aparılan genişmiqyaslı quruculuq işləri qədim Naxçıvanın hüsnünü daha da gözəlləşdirmişdir. Həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Naxçıvan Muxtar Respublikası müstəqil Azərbaycanın yenitipli məktəblərə, səhiyyə ocaqlarına, yeni texnologiya ilə təchiz olunmuş işlək sənaye müəssisələrinə, hər qarış torpağı əkilib-becərilən kənd təsərrüfatına malik inkişaf etmiş qabaqcıl diyarına çevrilmişdir. Bu gün ərzaq təhlükəsizliyinin təmin olunduğu Naxçıvanda torpaqlar əkilir, tələbat yerli istehsal hesabına ödənilir. Muxtar respublikanın enerji təhlükəsizliyi təmin olunub, ən ucqar yaşayış məntəqəsində belə, sakinlər daimi elektrik enerjisindən, təbii qazdan istifadə edirlər. Naxçıvanın hərbi təhlükəsizliyi təmin olunub, düşmənlə üz-üzə olan sərhəd kəndlərində sakinlər təhlükəsiz şəraitdə yaşayırlar. Təbii ki, bütün bunlar Heydər Əliyev siyasi xəttinin və ulu öndərimizin əmanəti olan müstəqilliyimizin bəhrələridir.

Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-siyasi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: