Qətərin “Əl-Şərq” qəzeti Ermənistanın Gəncəni raket atəşinə tutmasından yazıb - FOTOLAR
Qətərin ərəb dilində nəşr olunan və ölkədə ərəb dilli qəzetlər arasında ən geniş oxucu kütləsinə malik “Əl-Şərq” qəzetində Ermənistanın oktyabrın 17-də Gəncə şəhərinin mülki əhalisini ballistik raket atəşinə tutması ilə bağlı yazı dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazıda hücum nəticəsində 2-si uşaq olmaqla 12 mülki şəxsin həyatını itirdiyi, 40 nəfərin yaralandığı, evlərə və digər mülki obyektlərə zərər dəydiyi qeyd edilib.
Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şəxsi “Twitter” hesabından etdiyi paylaşımlara istinadən bildirilib ki, Ermənistanın mülki əhalini atəşə tutması döyüş meydanında aldığı məğlubiyyətlər səbəbindəndir və məqsədyönlü şəkildə həyata keçirilmiş bu aktlar Ermənistanın acizliyinə dəlalət edir.
Yazıda dağılmış 20-dən çox mənzilin dağıntıları altından yaralıların və həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilib.