Baş Prokurorluq: Düşmənin ağır artilleriya atəşi nəticəsində Ağcabədi rayonunun iki kəndində 25-dən çox evə ciddi ziyan dəyib
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, oktyabrın 18-də düşmənin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq evə külli miqdarda ziyan dəyib.
Bundan başqa, oktyabrın 19-da səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun yaşadığı evə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.