Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq
Biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar verib. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Dövlətimizin başçısı bir daha xatırladıb ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi.
“Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir”, -deyə Prezident İlham Əliyev vurğulayıb.
Mustafa Şentopun ölkəmiz üçün bu çətin dövrdə Bakıya səfər etməsinin xüsusi məna daşıdığını bildirən Azərbaycan Prezidenti deyib: “Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür”.