XİN: Almaniyalı deputatlarının Qarabağa qanunsuz səfərlərinə görə bu ölkənin XİN-inə nota göndəriləcək
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin işğal altında olan torpaqlara səfərinə münasibət bildirib.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Leyla Abdullayeva deyib: “Oktyabrın 18-də Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti Şteffen Kotre (Steffen Kotré), Ştefan Koyter (Stefan Keuter), Andreas Qalau (Andreas Galau), Andreas Kalbits (Andreas Kalbitz) işğal altında olan torpaqlarımıza səfər edib.
Qeyd etmək istərdik ki, Almaniyada olduqca mənfi imicə sahib olan bu deputatlar AfD partiyasında Ermənistanın xeyrinə təbliğat aparan qruplaşmanın üzvləridir. Andreas Kalbits AfD partiyasının idarə heyətinin 2020-ci il 15 may tarixli iclasında neonasist Respublikaçılar Partiyasına üzv olması əsas gətirilməklə, neonasist keçmişinə görə partiya sıralarından xaric edilib. Qeyd edək ki, Bundestaqın deputatı Ştefan Koyter də ictimaiyyətdə nasist və antisemitist şüarlardan həvəslə istifadə etməsinə görə seçilir.
Yuxarıda adları qeyd olunan deputatların adları 2019-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb. AfD siyasətçilərinin adları təkcə Azərbaycanın işğal olunmuş bölgələri deyil, bütövlükdə postsovet məkanındakı münaqişə bölgələrinə tez-tez qanunsuz səfərlər etməkdə hallandırılır.
Qeyd edək ki, bu dördlüyün ötən ilin mayında etdikləri qanunsuz səfərlə bağlı Bundestaqın və Brandenburq Landtaqının prezidentlərinə göndərilən etiraz məktublarına müvafiq tərəflərdən verilmiş cavablarda səfərin həmin qurumlarla razılaşdırılmadığı, hər hansı komitəsinin icazəsi ilə baş vermədiyi və səfərlə əlaqədar bütün məsuliyyətin onun iştirakçısı olan deputatların üzərinə düşdüyü vurğulanıb. Eyni zamanda, qeyd edək ki, Bundestaqın AfD fraksiyası münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair ortaq mövqe ortaya qoyur.
Ölkəmizin Almaniyadakı səfirliyi tərəfindən sözügedən qanunsuz səfərlə əlaqədar AFR XİN-ə nota, Bundestaq və Brandenburq Landtaqlarına etiraz məktubları göndərəcəkdir.
Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir.
Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir”.