Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük, işğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıb. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa növbəti müraciətində bildirib.
Mənfur düşmənin işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsini, məscidlərimizi dağıtdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “Onlar məscidləri dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bütün bizim dağıdılmış məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır”.
Azərbaycan Prezidenti qeyd edib ki, məcburi köçkünlərimizin bir çoxu üçün gözəl şərait yaradılmasına baxmayaraq bütün bu illər ərzində onlar bir arzu ilə yaşayıblar. “Onlar bu qayğıya görə bizə minnətdardırlar və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər, ancaq eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərtlər yetişməlidir, mənə inanırdılar. Mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq. Mən deyirdim ki, mən bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır və xalq tərəfindən mənə verilən və göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək və bir daha mən bəyan edirəm ki, bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”, - deyə Prezident İlham Əliyev əlavə edib.