Qələbəmizin adı Xudafərin

A- A A+

XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş Qarabağ müharibəsi başlayanda mənim 11 yaşım var idi. O illərdən yadımda qalan odur ki, ailədə hər kəsin gözü televizora dikilirdi, cəbhədən gələn xəbərləri anbaan izləyirdik.

Xəbərlər proqramı bitəndən sonra atamın həyəcanla, təlaşla “Heyif torpaqlarımızdan, əldən gedir” dediyi sözü, kədərini heç bir zaman unutmadım. “Heyif” deyilən o sözün arxasında nə qədər kədər, məyusluq olduğunu bir az sonralar dərk etdim- Fərman Kərimzadənin “Xudafərin körpüsü” tarixi romanını oxuyanda.

- Ata, Xudafərin körpüsü harada yerləşir?

Atamın cavabı çox qısa oldu...

- Cəbrayıl rayonunda.... düşmən tapdağındadır. Və qeyri ixtiyari olaraq ucadan “Heyif” dedim.

İllərdir haqqında kitablarda oxuduğum, yalnız şəkillərdən gördüyüm Xudafərin körpüsü, səni görmək üçün günləri sayıram. Tarixin şahidi, tarixi yaddaşımızın Dədə Qorqudu, başı bəlalar görmüş, tarixə şahidlik edən Xudafərin körpüm artıq öz sahibindəsən. Qəddin düzəlir.

Sənin qoynuna rəşadətli ordumuz Şanlı Azərbaycan bayrağını sancıb. O anı izlədiyim zaman yaşadığım hissi, sevinc göz yaşlarımı ifadə etmək mənə çətin gəlir. Bir vaxt oxuduğum romanda  XV əsrin axırı XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsindən, dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şəraitdən söhbət gedirdisə, bundan sonra sənin haqqında yazılan tarixi romanlarda uğrunda gedən döyüşlərdən, üçrəngli bayrağımızı qoynuna sancan cəsur övladlardan söhbət açılacaq.

Həyatımda bu qədər həyəcanlı günlər yaşamamışdım. İkinci Qarabağ müharibəsinin başlanmasından 25 gün keçir. Bu günlər  hər birimiz üçün çox şərəfli günlərdir. Hər anımız Vətən deyir, Torpaq deyir. Ucadan, lap ucadan hayqıraraq deyirəm: soyu-kökü bəlli olmayan, torpağı, yurdu olmayan qaniçən, mənfur erməni, sənin var olduğun bütün ərazi tarixi Azərbaycan torpağıdır. O torpaqlara qayıdırıq... Addım-addım yox, surətlə qayıdırıq... Hər qarış torpağının, havasının, suyunun bütün gözəlliklərini, ətrini doya-doya ciyərlərimizə çəkəcəyimiz günləri sayırıq... Yurd yerlərimiz, ocaq daşlarımız, gur axan bulaqlarımız, tarixi abidələrimiz, milli-mənəvi sərvətlərimiz qucaq açıb bizi gözləyir. İgid, mərd, qorxmaz Azərbaycan oğulları bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Zəngilana, Ağoğlana və onlarla kəndimizə sancıb. Bu qələbəmiz tezliklə Şuşada, Xankəndində, Xocalıda, Laçında, Kəlbəcərdə çalınacaq.

Qarabağ Azərbaycanın döyünən ürəyidir. Qarabağ Azərbaycandır!

   Elnarə Heydərova

Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: