Paşinyan ümidini qocalara bağlayıb - FOTOLAR

Ermənistanda orduya cəlb edilən mülki şəxslərin əksəriyyəti ahıllar və qadınlardır

A- A A+

Azərbaycan Ordusu cəbhədə düşmənə getdikcə daha ağır zərbələr vurur. Düşmənin hərbi-texniki potensialı əhəmiyyətli dərəcədə sıradan çıxarılıb. Eyni zamanda Ermənistan canlı qüvvə sarıdan da ciddi korluq çəkir. İşğalçının Qarabağdakı ordusunun şəxsi heyətinin və xaricdən gələn muzdluların böyük qismi ordumuz tərəfindən məhv edilib. Bu səbəbdən Ermənistan artıq 60-70 yaşlı qocaları döyüşə göndərir.

Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə təkcə Azərbaycanla döyüşdə olan itkilər dayanmır. Bunun bir səbəbi də odur ki, minlərlə erməni ordu sıralarında xidmətdən boyun qaçırır. Erməni gəncləri illərdir ki, hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edirlər və bu proses son günlər daha da intensivləşib. Hökumətin səfərbərlik barədə qərarına baxmayaraq, müxtəlif bəhanələrlə çağırışçı yaşında olan ermənilər xidmətdən yayınır, imkanı olanlar isə ölkəni tərk edirlər. Bu səbəbdən Ermənistanda yaşlıların orduya cəlb edilməsi daha da sürətlənib. İşğalçı ölkədə bunu yaşlıların təcrübələrinin çox olması səbəbindən könüllü şəkildə ordu sıralarına qoşulması kimi təbliğ edirlər. Amma təcrübə göstərir ki, yaşlı insanlar fiziki göstəricilərinin və çevikliyin aşağı olması səbəbindən elə döyüşə gəldiyi ilk andan həyatla vidalaşırlar.

Bu günlərdə Fransanın "Liberation” qəzeti yazmışdı ki, Ermənistan ordusunda əsgər çatışmazlığı yaşanır. Buna görə hətta Fransada yaşayan erməniəsilli qocaları da Qarabağda döyüşməyə razı salmaq üçün iş aparılır. Qəzet erməniəsilli 64 yaşlı Fransa vətəndaşı Qilbert Minasyanın Qarabağ döyüşlərində vuruşmaq üçün Yerevana yola düşməsi barədə material yayımlayıb. Məqalədə həmin şəxsin 1990-cı illərdə də Azərbaycana qarşı Ermənistan ordusunda döyüşdüyü bildirilib.

Hazırda işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi əsgər çatışmazlığını əsasən xaricdən gələnlərin hesabına kompensasiya etməyə çalışsa da, bu sahədə ciddi fiaskoya uğrayıb. Yayılan məlumatlarda vurğulanır ki, xaricdə yaşayan ermənilər koronavirusla əlaqədar sərhədlərin bağlı olduğunu bəhanə edərək, Ermənistana gəlməkdən boyun qaçırırlar.

Ona görə indi işğalçı ölkənin rəhbərliyi əsasən Yaxın Şərq ölkələrindən olan muzdluların döyüşlərə cəlb edilməsinə köklənib. Amma bu sahədə də ciddi problemlər yaşanır. Çünki muzdlulara pul ödəmək lazımdır. Ermənistanın daxili imkanları isə heç vaxt muzdluların maliyyələşdirilməsinə imkan verməyib. İndiki çətin iqtisadi vəziyyətdə isə bütün imkanlar tükənib. Diasporun topladığı vəsait Ermənistanın kiçik problemlərini belə ödəmək iqtidarında deyil. Tükənən iqtisadi imkanlar fonunda yaxın vaxtlarda bu ölkədə ərzaq qıtlığının baş verməsi də gözlənilir.

Ona görə indi Ermənistanda səfərbərliyə qocalar alınır. Onlar hətta qadınları məcburi şəkildə buna cəlb edir və rəsmi təbliğatda qəhrəmanlıq nümunəsi kimi qələmə verirlər. Səfərbərliyə alınan yaşlıların döyüş qabiliyyəti isə yoxdur. Ordunun anbarlarında onlara verməyə hərbi geyim də tapılmır.

Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan "Facebook” sosial şəbəkəsində yazıb ki, qadın batalyonu yaradılıb.

Göründüyü kimi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə cəbhədə vurduğu ardıcıl ağır zərbələr düşməni çətin vəziyyətə salıb. İşğalçı ölkə kişi döyüşçü tapmaqda çətinlik çəkir. Bütün bunlar Ermənistan ordusunda canlı qüvvə çatışmazlığını həll etməyin mümkünsüzlüyünü göstərir. Video və fotofaktlar, eləcə də sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlar da bunu təsdiqləyir.

Azərbaycan Ordusunun zərbələri nəticəsində minlərlə itki verən düşmən ordusunda yaralıların sayı da çoxdur. KİV Xankəndidə bütün mülki və hərbi xəstəxanaların çoxdan dolduğunu, bu səbəbdən yaralıların Ermənistanın müxtəlif bölgələrinə aparıldığını yazır. Ölkənin Səhiyyə Nazirliyi xəstəxanalarda yer olmadığı üçün koronaviruslu xəstələrin qəbulunu məhdudlaşdırıb. Başqa bir problem isə Ermənistanda həkim və digər tibbi personalın çatışmazlığıdır. Görünən odur ki, Ermənistan bu fəlakətdən heç cür xilas ola bilməyəcək.

 

Elçin Cəfərov

"Azərbaycan”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: