Türk Şurasından Azərbaycana dəstək - FOTOLAR
Baş katib Bağdad Amreyev: Bu mübarizədə Azərbaycanın yanındayıq
İşğal altındakı torpaqlarını düşməndən azad etmək üçün apardığı mübarizədə Azərbaycanı qeyd-şərtsiz dəstəkləyirik. Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin bu fikirləri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş yayılıb.
Baş katib deyib: “Ermənistanın mülki azərbaycanlı əhalini hədəf almasını, eləcə də Gəncəyə ballistik raket hücumunu şiddətlə qınayırıq və beynəlxalq ictimaiyyəti də bu cinayəti qınamağa çağırırıq”.
Dağlıq Qarabağda baş verən prosesləri diqqətlə izlədiklərini, türkdilli ölkələrin, Türk Şurasının, ümumiyyətlə bütün türk dünyasının Azərbaycanı dəstəklədiyini vurğulayan Baş katib deyib: “Bu, qardaş Azərbaycan xalqı üçün Vətən müharibəsidir. Biz bu mübarizədə Azərbaycanın yanındayıq. Dostumuz Azərbaycana zəfər və sülh arzulayırıq”.
Qeyd edək ki, Türk Şurasının baş katibi Bağdad Amreyev Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində dağılan evlərə baxıb. Baş katib Ermənistanın Gəncəyə ballistik raket hücumunu qətiyyətlə pisləyib.