"Saat 6-nı gözləyirəm..."

A- A A+

Deyirlər, silah dinəndə ilham susur.
Bu dəfə silah dindi, İlham susmadı.
İndi İlham dinir, silah susur.
O - bizim İlhamdır!
Xalqın İlhamı...

***

- Ermənilər yazıblar ki, Çingiz Abdullayevin babası Bakıda dəfn olunub, Rusiya kanalına çıxıb xalqı aldadır Abdullayev...

Hirslənəndə Xalq yazıçısının üzünü görmə, mən onsuz da Yazıçılar Birliyinin pilləkənlərini qalxıram, onun üzünü görməsəm də, səsi aydın eşidilir:

- Bəyəm mənim bir babam var? - ardınca yağlı bir söz! - Ata babamı demişəm, Qarabağdadır qəbri. Onlar bilmir ki, adamın iki babası olur?!

Bilirlər, Çingiz müəllim, adamın iki babası olduğunu da bilirlər, sizin kimliyinizi də. Onlar tək sizi yox, Azərbaycanı yaxşı tanıyırlar: sülhsevər, humanist, qonaqpərvər kimi.

Sentyabrın 27-si səhər saat 6-da torpağımıza ona görə hücum elədilər, axı biz dözümlü xalqıq, susub duracağıq.

Məlum oldu ki, onlar bizi yaxşı tanımırlar. Heç biz də özümüzü yaxşı tanımamışıq. Sentyabr 27-si səhər saat 6-dan tanışlıq başladı: indi bizi tək ermənilər yox, hamı tanıyır!

İlk əks-hücum və ilk yüksəklik!

Murovu demirəm, Suqovuşanı da demirəm. İlk fəth elədiyimiz yüksəkliyin adı Ruh yüksəkliyidir.
Dünyada ən böyük yüksəklik Ruh yüksəkliyidir!

Ordumuz əvvəl o yüksəkliyi fəth elədi.

Bu savaş nəhəng bir xəndək qazıb ölkələri iki yerə ayırdı: ya haqqın yanındasan, ya da terrorun! Özünə hörmət qoyan quş bu günlər sülh göyərçini olmaq istəməz...

Çox lazım gəlsə... - deyilirdi. Lazım gəldi. Həm də tam vaxtında. Bu da müqəddəs savaş. İndi sual başqadır: Bu savaşda kim nəyə lazımdı?!

Pandemiyada "həkim" məsləhəti verənlər bu gün hərbi formada selfi çəkdirə bilməzlər. Hərbi geyim döyüş üçündür. Ya döyüş, ya da telefonunu qapadıb rəsmi xəbərləri dinlə. Lazım gəlsə, Vətən üçün susmalısan. Gəlib lazım.

Yeni COVİD-19 - gözəgörünməz düşməndir, ermənilər - gözəgörünəndir.

Bunu apreldə yazmışdım, oktyabrda təkzib eləyirəm yazdığımı, ikisi də gözəgörünməz düşməndir. Hanı Cəbrayılda, Hadrutda, Suqovuşanda, Murovda, Füzulidə... Gözə görünmürlər axı?! Bir azdan Şuşada, Ağdamda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında... da gözə görünməyəcəklər!

Düşmənin gözü Ali Baş Komandanımızın "Twitter" səhifəsindədir. Özləri də bilirlər ki, dürüst məlumat onlarda deyil, bizdədir. Bir azdan hər şey, hər yer bizdə olacaq.

Hər gün saat 6-da xəbər gözləyirəm. Qələbə xəbəri. Bu savaş səhər saat 6-da başladı. Elə bilirəm, saat 6-da da bitəcək. Dəxli yoxdur, axşam, ya səhər. Təki qalib olaq.

Cəbrayılda "Dostluq bulağı" vardı. Dostluq sözünü pozub düşmənlər, qalıb "...bulağı". Çox rəmzidir: dostluq bitdi, bulağımızsa axacaq. Təndiri e, təndiri dağıdan vəhşiylə nə dostluq?

Gəncəni yatılı vururlar. Gəncə gözünü açanda tarix kitabından səhifələr qatlanır.

İtki: 20 faiz torpaq.
İl: 2020.
Təsadüfmü? - bilinmir. 2020-də iki 20 var. İki 20 faizə də varıq!

***

Deyirlər, silah dinəndə ilham susur.
Bu dəfə silah dindi, İlham susmadı.
İndi İlham dinir, silah susur.
O - bizim İlhamdır!
Xalqın İlhamı...


Qulu Ağsəs

"Ulduz" jurnalının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: