Hər şeyin sonu yeni bir başlanğıcdır və hər şeyin başlanğıcı yeni bir sondur. Bu söz çoxumuza sadə bir ifadə olaraq gəlsə də, əbəs yerə deyilməyib. Bu gün Vətənimiz üçün tarix yenidən yazılır. Cənab Prezidentimizin də dediyi kimi, yeni bir Azərbaycan başlayır.
Ölkəmizdə Vətən müharibəsi gedir. Doğrudur, müharibə dedikdə həmişə gözümüzün önündə dəhşətli bir tablo canlanır. Amma bu bizim haqq müharibəmizdir və biz qalib gələcəyik, biz qalib gəlirik... Ancaq düşünürəm ki, müharibənin də yazılmamış qanunu var. Ancaq mənfur düşmən o qanunları heçə sayır. Cəbhədə Azərbaycan əsgəri ilə vuruşmaq yerinə günahsız insanları hədəf alır. Tarixən hər zaman əli günahsızların qanına batan terrorçu ermənilər şərtləri pozaraq və eyni zamanda hərbi qüvvələrimizin gücü qarşısında tab gətirə bilməyib, çarəni mülki insanları qətlə yetirməkdə görür. 30 il öncə əlimizdən alınan torpaqları hal-hazırda ordumuzun gücü ilə geri alırıq. Amma bugün təəssüflənərək eşidirik ki, qarşı tərəf mülki əhaliyə hücum edib. Dünən Xocalı, bu gün Gəncə... Aciz ermənilərin Gəncədə törətdiyi vəhşilikdə məsum körpələr öz həyatlarını itirdi, günahsız insanlar həlak oldu. Gəncədə yaşananlar bizi 1992-ci illərə apardı...
Xocalı faciəsində yaşananların o zamanlar canlı şahidi olmasam da, tarix kitablarından oxuduqca, kadrları izlədikcə artıq bunun necə bir hiss olduğunu anladım. 28 il bundan öncənin ağrısını, acısını duya bilirəm... Biz böyüdükcə hər anımızda, hər günümüzdə vardı Qarabağ. Həmçinin orta məktəbdə oxuduğum zaman keçirilən tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotolar, sənədli filmlər nümayiş olunur, kitablar sərgilənirdi. Təqvim dəyişsə də, il, gün, ay dəyişilsə də, düşmən eyni düşmən, vəhşilik eyni vəhşilikdir. Ermənilərin yaratdığı qırğınların ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunurdu. Artıq təqvimimizdən çıxaracağıq o günləri, şanlı ordumuzun tarixi torpaqları azad etdiyi günləri qeyd edəcəyik. Azərbaycan ordusunun gücünü dünyaya göstərir. Azad olunmuş hər ovuc torpaq bizim qisasımız, bizim qələbəmizdir...
Bu müharibə bir daha onu göstərdi ki, bizim iradəli, güclü ordumuz var. Azərbaycan ordusu öz şücaətinə arxalanaraq torpaqlarımızı qarış-qarış geri qaytarır.
"Torpaq uğrunda ölən varsa, Vətəndir!", - deyib canını fəda edən Şəhidlərimiz! Sizi heç vaxt unutmarıq! Siz elə bir yüksək məqamdasınız ki, haqqınızda söz demək qüdrətində deyiləm. Bu uca məqamınız qarşısında ehtiramla baş əyirəm! Qanınızın axdığı yerləri güllük-gülüstanlıq etməyə, adlarınızı və Azərbaycan ordusunun gücünü dünyaya göstərməyimizə çox az qaldı... Əminəm ki, qüdrətli ordumuz qanınızı yerdə qoymayacaq.
Biz eyni zamanda birlik olmağı bacaran bir millətik. Doğma yurdumuzun bir parçası olan Suqovuşanımızın, Cəbrayılımızın, qələbəsi gözümüzü yaşardan Zəngilanımızın və digər alınan torpaqlarımızın sakinləri artıq öz yurdlarına geri dönmək üçün səbrsizlənir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də dediyi kimi QARABAĞ bizimdir, QARABAĞ AZƏRBAYCANDIR! Biz doğma yurdumuz olan Qarabağımıza addım-addım irəliləyirik. Çıxdığımız yol haqq yoludur. Qələbə bizimlədir. Qələbən yaxındır, AZƏRBAYCAN!!!
Nuray Hüseynli
Naxçıvan televiziyasının əməkdaşı