Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
İndi yerdə vəziyyət dəyişib. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona nəzərdə tutulan səfəri və bu səfərdən gözləntilər barədə suala cavabında səsləndirib.
“Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?” sualını cavablandıran dövlətimizin başçısı deyib: “Əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir”.
Prezident İlham Əliyev qeyd edib ki, danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.