XİN: Müharibə cinayətlərinə görə bütün məsuliyyəti daşıyan Ermənistanın XİN-in bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyil
Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir işğal altında saxladığını, öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik. Ermənistanın sentyabrın 27-dən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur.
Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc əhalini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyil.
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır - Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar.