2016-cı il idi. Aprel döyüşləri ərəfəsində Culfa rayonunun Gülüstan kənd tam orta məktəbinə veriliş hazırlamaq üçün getmişdim. Məktəbin direktoru ilə söhbətim zamanı öyrəndim ki, məktəbdə Zəngilandan olan soydaşımız (qaçqın demirəm, çünki, o artıq qaçqın deyil.) Alim Nəcəfov dərs hissə müdiri işləyir. Məktəbin direktoru ilə söhbətimi tez yekunlaşdırıb, Alim müəllimlə söhbət etmək qərarına gəldim.
Ayağını çəkə-çəkə yeriyən, uca boylu bu adamın baxışlarında ilk dəfə hiss elədim, Vətən həsrətinin nə olduğunu. Həm də gələcəyə ümidli, məğrur, səbirli bir baxışı var idi.
Əslən Zəngilan rayonundan olan Alim Nəcəfov 1992-ci ildə öz doğma torpağından didərgin düşüb. Qardaş-bacısı mənfur ermənilərin atdığı top zərbəsindən şəhid olub. Alim müəllim aprel döyüşlərində ordumuzun gücündən ilham alaraq, bir gün doğma yurduna qaydacağını cəsarətlə deyirdi, üzündəki Vətən həsrəti, Zəngilanın nisgilini də gizlədə bilmirdi. Deyirdi: “Mən müəlliməm, ən böyük arzum doğma torpağıma qayıdıb, orda müəllimlik etməkdir. Babalarımın məzarını ziyarət etmək, doğma yurdumun havasını udmaq, suyunu içmək istəyirəm. Hərdən düşünürəm ki, ömrüm buna yetməyəcək, amma hər dəfə Azərbaycan ordusundan qələbə xəbərləri eşitdikcə, inanıram ki, o gün yaxındadır.”
2020-ci il.
Rəşadətli ordumuzun Zəngilanı işğaldan azad etdiyini eşidəndə, sevincim yerə-göyə sığmadı. Nədənsə son illər bütün rayonlar içərisində Zəngilan həmişə məni cəlb edib, Zəngilanı daha çox görmək istəmişəm. Bəlkə də bu yurdumuzu mənə daha çox sevdirən elə illər əvvəl baş tutan Alim müəllimlə olan söhbət olub. Tez telefonu əlimə alıb, 2016-cı ildən bəri imkan tapıb görüşə bilmədiyim Alim müəllimə zəng vurdum. Telefonda səsi titrəyirdi, deyəsən, sevincindən bərk ağlamışdı. Mənə dedi ki, yadında, sənə demişdim, zəfər günü yaxındadır. Demişdim ki, mən və bütün qaçqın soydaşlarımız bir gün öz doğma yurdlarımıza qayıdacayıq. Qayıtdıq və qayıdırıq. Gözümüz aydın! Alim müəllimi təbrik etdim, çünki o artıq qaçqın deyildi, bütün qaçqın hüquqlarından da imtina etmişdi. “Səni Zəngilana aparacam”,- deyib dəstəyi yerə qoydu.
Könlü şad Zəngilanım.
Zəngilan Azərbaycanımızın ən gözəl, ən dilbər guşələrindən biridir. Özünü tarixi, mədəniyyət abidələri, şair və yazıçıları, qədim yaşayış məntəqələri ilə Cənubi Qafqazda hər zaman zəngin bir rayon kimi tanıdıb. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Qədim Şərifan şəhəri, Məmmədbəyli türbəsi, Hacallı kəndinin dairəvi bürcləri, Yenikənd sərdabəsi, Sobu, Baharlı, Bartaz, Mincivan tarixi məscidləri, Bartaz qız qalası kimi abidələri Zəngilanın köklü bir tarixindən xəbər verir. Kəlbəcərdən sonra ikinci qızıl yataqlarına görə məhşur olan Zəngilan rayonu özünəməxsus təbiəti ilə də seçilir. Ərazisindən keçən Oxçu, Bəsit çay, Həkəri kimi çayları elə Zəngilan qədər tarixə şahidlik edib. Ən zəngin çinar meşəsi, ən yaşlı çinarları ilə seçilən Zəngilan özünün təbiət abidələri ilə də seçilir.
Bu yerlərin sərvətinə, tarixinə, milli dəyərlərinə yüksək qiymət verən Ulu öndər Heydər Əliyev deyirdi: “Zəngilan Azərbaycanın gözəl bir guşəsidir, qədim Zəngəzur diyarının bir parçasıdır və qədim Azərbaycan diyarıdır. Burada gətirilən bəzi tarixi həqiqətlər Zəngilanın tamamilə qədim Azərbaycan diyarı olduğunu sübut eləyir. Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var, Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş veribdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində yaşayan insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. Zəngilan bir gün öz sahibinə qaytarılacaq, tarixi ədalət bərpa ediləcək.”
Bəli, 27 illik ağrımız, acımız bitti! İndi bizi düşündürən tək bir şey var ki, qələbə soraqlı bayrağımız tez zamanda Şuşaya sancılsın ki, biz həsrətində olduğumuz yurdumuzu, yuvamızı qarış-qarış gəzək. O yerlərdə şüphəsiz ki, tez zamanda bərpa işləri aparılacaq, Azərbaycanın gücü imkan verəcək ki, erməni tapdağında talan olmuş tarixi abidələrimiz yenidən həyat tapsın. Əslində budur Azərbaycanın reallığı. Bu sadəcə inkişaf və güc deyil, bütöv bir məmləkətin simasının dəyişikliyi, regional tərəqqiyə imkan verəcək mətin addımlardan xəbər verən bir səsdir. Bu səsi, bu tarixi mesajı isə hər dəfə xalqına Ali Baş Komandan çatdırır. İstər siyasi kürsülərdən, istər beynəlxalq tribunalardan, istərsə də iş masasından “Qarabağ Azərbaycandır!” deyir. Yaşadıq, gördük və yaşamağa dəyər deyərək, həyatımızı və dövlətimizi gücləndirə bildik. Bir həqiqət var ki, müasir Azərbaycanı dünyaya tanıdan, bu siyasətin arxasında xalqın etimadını qazanan və etimadın haqqını ən yüksək səviyyədə verən canab Ali Baş Komandanın imzası dayanır. O, ümummili qəhrəman ki, bu gün işğaldan azad edilən torpaqlara elə işğaldan azad edilən gün yol çəkdirir, o yerləri abad edir, maddi-mədəniyyət abidələrimizi UNESCO-nun təcili qorunma siyasına daxil edir.
Bu gün Ali Baş Komandan mənsub olduğumuz xalqın xəritəsini aydın şəkildə cızır, bizə bir daha böyüklüyümüzü göstərir. Bizim işimiz haqq işidir deyib, sülhdən, danışıqlar masasından anlamayan erməni quldurlarının işğalı altında olan torpaqlarımızın müzakirəsinə son qoyub, onların cəzasın veririk. Özü də döyüş meydanında! Bu azadlığa aparan yolda əsas vasitə olan hərbi güc, bir sözlə Azərbaycan əsgəri Ali Baş Komandanına inanır, ona elə azad etdiyi yerlərdən raport verir. Azərbaycan əsgərinin məruzəsi hələ çox olacaq, bu tarixi məruzə Şuşadan, Xankəndidən, Laçından veriləcək.
Torpaqlarımızın işğaldan azad olunması üçün başladığımız Vətən müharibəsində anladıq ki, güclü əsaslar üzərində duran Azərbaycan gələcəyə nikbin baxmaq haqqına sahibdir. Hər dəfə bizə bu haqqın səsini müjdələyən cənab İlham Əliyev 50 milyondan çox azərbaycanlının sinəsində çırpınan ürək olduğu kimi, bir milyondan çox qaçqın soydaşlarımızın yarasına da məlhəm olur. Elə Zəngilandan olan Alim Nəcəfovun yarasına məlhəm olduğu kimi.
Ey vətənim, sənin bu illər ərzində müstəqillik yaşına qədəm qoyduğun andan özün qədər sevdiyin canların qurban oldu. Hüququndan keçən əsgərlərin qəhrəman kimi bir müqəddəs zirvəyə ucaldı. Bizim düşməndən bir fərqimiz var, bizim soyumuz, kökümüz qəhrəmanlıqdır. Düşmən isə qorxaqdır. Bizim şüarımız budur: “Cansa can, qansa qan, yetər ki sən Qarabağda dalğalan, Azərbaycan bayrağı.”
Mətin Kamal
Naxçıvan televiziyasının əməkdaşı