Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 22-də Gəncəyə səfər edib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Şərəf Malkoç cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının dağıtdığı evlərə baxıb, erməni terrorunun izləri ilə tanış olub.
Türkiyə Respublikasının Baş Ombudsmanına məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Belə müharibə cinayətlərindən sonuncusu oktyabrın 17-də törədilib. Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 14 nəfər həlak olub, 50-dən çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həlak olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Qeyd edilib ki, Ermənistan ordusu oktyabrın 11-də törətdiyi faciə zamanı isə Gəncədə 5-i qadın olmaqla, 10 nəfər həlak olmuşdu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 34 nəfər yaralanmışdı.
Vurğulanıb ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, müharibə cinayətlərini davam etdirir, atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu seyr etməklə kifayətlənir. Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir. Təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Gəncə ilə yanaşı, Azərbaycanın sənaye şəhəri Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası da raket atəşinə məruz qalır.
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.